6 Oktyabr 19:46
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi üçün DİM-in elektron imtahanlar korpusunda test imtahanı keçirilib.

Bu barədə Teleqraf.com-a DİM-dən bildirilib.

İmtahanlar elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, imtahanlarda iştirak etmək üçün 2002 namizəd qeydiyyatdan keçib. Onlardan 1 952 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 735 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim edilib. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 7 – 8 oktyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

***

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi sürücüləri üçün növbəti imtahanı təşkil edir. Bu imtahan, eləcə də avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin və operatorların hazırlıq səviyyəsini yoxlamaq məqsədilə keçirilir.

Teleqraf.com-un DİM-in mətbuatına istinadən verdiyi məlumata görə, bu gün imtahan vermək üçün ümumilikdə 2002 nəfər qeydiyyatdan keçib. Taksi sürücüləri üçün imtahan DİM-in elektron imtahanlar korpusunda və Gəncə regional bölməsində təşkil edilir, beynəlxalq yük daşımaları üzrə sürücülər və operatorlar üçün isə imtahan yalnız Bakı şəhərində keçirilir.

İmtahanda iştirakçılar xüsusi buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əsli ilə birlikdə göstərilən vaxtda gəlməlidirlər. Namizədlər imtahan başa çatdıqdan dərhal sonra nəticələrlə tanış ola bilərlər və nəticələr növbəti gün DİM-in saytında dərc olunacaq.

İmtahan taksi sürücüləri üçün etik davranış və sərnişin daşımalarına dair 20, beynəlxalq yük daşımaları ilə məşğul olanlar üçün isə peşə səriştəsinə dair 25 test sualı ilə aparılacaq. Testlərin düzgün cavabları 1 balla qiymətləndirilir. Səhv cavablar nəticəyə təsir etmir. İmtahanda 10 və ya daha çox bal toplayan taksi sürücüləri, 15 və ya daha çox bal toplayan beynəlxalq sərnişin və yük daşımaları sürücüləri və operatorları müvəffəqiyyətli hesab edilərək şəhadətnamə alacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər