Yenidən ABŞ prezidenti olmağa hazırlaşan Donald Tramp intensiv olaraq Ukraynanı təslim etmək planı üzərində işləyir.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
Onun sözlərinə görə, Tramp və Rusiya Prezidenti Vladimir Putinin planlarının mahiyyəti Ukraynanın kapitulyasiyası və ərazisinin bölüşdürülməsini ehtiva edir.
"Seçkilərin çox mühüm göstəricisi Trampın vitse-prezident kimi Ceyms Devid Vensi seçməsidir. Vensin Ukraynaya yardımın qarşısını almaq üzrə fəaliyyətini yaxşı xatırlayırıq. Amerika Konqresində Ukraynaya hamıdan çox Vens nifrət edir", - analitik bildirib.
Piontkovskinin fikrincə, Venslə bağlı seçimi Trampın öz mövqeyində nə qədər israrlı olduğunu göstərir.
"Orban, Tramp və onun yeni vitse-prezidenti Vens Ukraynanı təslim etmək planı üzərində intensiv çalışan bir komandadır. Trampın müharibəni 24 saata bitirmə planı mahiyyət etibarilə Putinin Ukraynanı ərazilərindən imtina etməyə və atəşkəslə razılaşmağa məcbur etmək planının eynisidir. Bunu da Ukraynanın təhlükəsizliyinə heç bir zəmanət olmadan etmək istəyirlər”, - Piontkovski əlavə edib.
ABŞ-də prezident seçkisi noyabrın 26-da keçiriləcək. Yarışın iki əsas rəqib arasında olacağı gözlənilir: hazırkı Prezident Co Bayden və Donald Tramp. Son sorğular Trampın Baydeni üstələdiyini göstərir.