HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İran Macarıstan vasitəsilə İsrailə hücum etmək niyyətində olduğunu bildirib. Bununla belə, İran nə vaxt zərbə endirəcəyi ilə bağlı Qərbə xəbərdarlıq edəcək.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı politoloq İlya Kusa deyib.
“Bu dəfəki hücumun miqyası İran və İsrailin zərbələr mübadiləsi apardığı apreldəkindən bir qədər böyük olacaq. Tehranın məhz belə bir cavaba ehtiyacı var. Çünki İsmayıl Haniyənin Tehranda öldürülməsi İrana əsl sillə idi. İndi də İrana zəif olmadığını göstərmək lazımdır. Düşünürəm ki, İran Suriya, Livan və Fələstindəki proksilərini birləşdirəcək. Ola bilsin, hesablama ondan ibarətdir ki, durum hazırkı atmosferin təzyiqi İsrailin İran və ya onun proksi qüvvələrinə qabaqlayıcı zərbələr endirməsinə gətirib çıxaracaq. Bu da Tehrana deməyə imkan verəcək ki, onlar yalnız özlərini müdafiə edirlər, işğalçı isə İsraildir”, - ekspert bildirib.
Kusa hesab edir ki, Yaxın Şərqdəki vəziyyət Ukraynanın xeyrinə deyil:
“Hər halda bizim üçün pis xəbərdir, Yaxın Şərqdə sabitliyin pozulması bizə sərf etmir. Əvəzində Rusiya Yaxın Şərqdəki xaos və sabitliyin pozulmasından faydalanır. Ruslar sabitliyin bu cür pozulması, deməzdim, arzuolunandır, çünki Yaxın Şərqdə böyük müharibə baş verərsə, Suriyadakı mövqelərini itirə bilərlər. Amma digər tərəfdən bu vəziyyət ruslar üçün həyati təhlükə yaratmır.
Məsələ budur ki, xaos nə qədər böyük olarsa, Qərb eyni vaxtda bir neçə cəbhədə müxtəlif təhlükələri cilovlamaq üçün diqqətini bir o qədər şaxələndirəcək. Bu, Rusiyaya uyğun gəlir. Xüsusilə indi - Ukrayna ilə danışıqlara dair real müzakirələrin başlandığı vaxtda...
Yaxın Şərqdəki birbaşa oyunçulara gəlincə, heç kim total müharibə istəmir. Bu, risklidir, bahalıdır və iqtisadiyyata zərbə vura bilər, xüsusilə iqtisadiyyatı zəif olan İrana. Eyni zamanda, regionda heç kim zəif görünmək istəmir və hər kəsə öz nüfuzunu qorumaq lazımdır.
İndiki məqsəd budur – öz nüfuzlarını qorumağa, həmçinin vəziyyəti idarəolunmaz eskalasiyaya çatdırmamağa çalışırlar. İndi bütün hekayələr mediada yazılır. Demək olar ki, mediada virtual müharibə gedir, amma reallıqda hər şey artıq apreldə olduğu kimi daha sadə ola bilər”.