ABŞ prezidentinin oğlu Hunter Bayden 2016-cı ildə Ukraynanın Burisma qaz şirkətinin maraqlarını təmin etmək üçün Amerikanın İtaliyadakı səfirliyinə məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə "New York Times" (NYT) məlumat yayıb.
Qəzet yazır ki, yeni yayımlanan səs yazıları və müsahibələrdə oğul Baydenin hələ atası vitse-prezident olarkən İtaliyada potensial gəlir gətirən enerji layihəsi üçün ABŞ hökumətindən kömək istədiyi məlum olur.
2016-cı ildə Burismanın direktorlar şurasının üzvü olan Hunter Bayden ABŞ-ın Romadakı səfirinə şirkətin maraqlarına uyğun ən azı bir məktub yazıb.
Səfirlik ABŞ Ticarət Departamenti ilə məsləhətləşmələrə ehtiyac olduğunu əsas gətirərək bu məktuba müsbət cavab verməyib.
Ağ Evin sözçüsü bildirib ki, Co Bayden o zaman oğlunun Ukrayna şirkətinin maraqlarını qorumaq üçün səfirliklə əlaqə saxladığını bilməyib.
Bundan əvvəl ABŞ Hunter Baydenin rumıniyalı iş adamından əhəmiyyətli məbləğlər aldığını açıqlamışdı.