Ukrayna və Rusiya nümayəndələri Kursk vilayətində hərbi əsirlərin mübadiləsinə dair danışıqlara başlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Mübadilənin hazırlanması üzrə işlərin aparılması faktı Ukrayna kəşfiyyatı tərəfindən nəşrə təsdiqlənib.
Bununla belə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olarkən əsir götürdüyü rus hərbçilərinin dəqiq sayı açıqlanmır. Amma nəşr yazır ki, say yüzlərlə ola bilər. Əsir düşənlər arasında çoxlu gənc çağırışçılar da var.
Ölkələr arasında danışıqlar Kursk vilayətində 10 gün davam edən şiddətli döyüşlərdən sonra başlayıb. Nəşr vurğulayır ki, Rusiya hərbçilərinin əsir götürülməsi Kiyevin müharibə başlayandan bəri Kremlin işgəncə kameralarında saxlanılan minlərlə əsgərinin və mülki vətəndaşının qaytarılması ilə bağlı danışıqlarda mövqeyini gücləndirəcək.
Ukraynanın ombudsmanı Dmitri Lubynets bildirib ki, məsələ ilə bağlı danışıqlara başlamaq təşəbbüsü Rusiyadan gəlib . Xüsusilə, o qeyd edib ki, Kurskdakı vəziyyət əvvəllər mübadilədən imtina edən Rusiyanı mövqeyini dəyişməyə məcbur edir.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bundan öncə son sutkada Kursk vilayətində 102 Rusiya hərbçisinin əsir götürüldüyünü açıqlamışdı. SBU-dan deyilib ki, bu, müharibə başlayandan Rusiya hərbçilərinin kütləvi şəkildə əsir götürüldüyü ilk haldır. Məsələ sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirə mövzusuna çevrilib.