Kursk vilayətində Rusiya lideri Vladimir Putinin qisas əməliyyatı başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu “Bild”in hərbi mütəxəssisi Yulian Röpke deyib.
Ekspert deyir ki, Putinin Ukraynanın Kurska hücumuna layiqli cavab vəd etməsindən bir neçə gün sonra ruslar Ukrayna ordusunun məhv edilmiş hərbi texnikası və öldürülmüş əsgərlərini əks etdirən dəhşətli kadrlar və videolarını yaymağa başlayıblar.
“Ukrayna Kursk vilayətində 200-300 hərbi maşın və bir neçə min əsgərdən istifadə edir. Rusiya 30-40-a yaxın texnikanı (10 faiz) sıradan çıxara bilib”, - Röpke qeyd edib.
Onun sözlərinə görə, ruslar ölmüş Ukrayna əsgərlərini çəkməyi, gödəkçələrindəki bayraqları qoparmağı, hərbi biletlərini öz əməklərinin qəniməti kimi götürməyi xoşlayırlar.
Röpke bu amansızlığı nümayişkaranə hesab edir. Videolardan birində ukraynalı əsgərlərin cəsədlərinin üst-üstə yığılması da səhnələşdirməyə işarədir.
“Əsirlər də rusların qəzəb və nifrətinin qurbanı olurlar. Başlarına qara torbalar keçirilir, təhqir edir və söyürlər”, - məlumatda deyilir.
Eyni zamanda, “Bild” Rusiya ərazisinə hücum etmək üçün bölmələrin yerləşdirildiyi qonşu Sumı vilayətinin şəhər və kəndlərinin misli görünməmiş şəkildə bombardman edildiyini yazır.
“Amansız qisas indiyə qədər rus ordusuna o qədər də kömək etməyib. Son bir neçə gündə Ukrayna qoşunları Kursk vilayətində mövcudluğunu daha da artıra bilib. Avqustun 14-dən bəri ən azı daha dörd yaşayış məntəqəsi ələ keçirilib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, rus qoşunları son sutkada yalnız bir kəndi geri alıblar.
Rusiya Kurska getdikcə daha çox əlavə qüvvə göndərir. Qüvvələr Kalininqrad, Murmansk və Qroznı kimi ucqar bölgələrdən cəlb olunur. Təyyarələr və helikopterlərdən getdikcə daha çox istifadə olunur. Beləliklə, qisas əməliyyatı yeni başlayır”, - Röpke vurğulayıb.