17 Avqust 10:12
6 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdadda Türkiyə və İraq arasında təhlükəsizlik məsələləri üzrə ortaq koordinasiya mərkəzi yaradılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti iki ölkənin müdafiə nazirlikləri arasında imzalanmış hərbi, təhlükəsizlik və terrorla mübarizə sahələrində əməkdaşlıq memorandumuna istinadla məlumat yayıb.

Sənədin imzalanmasını avqustun 15-də Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin iclasından sonra bəyan edib. Amma Fidan sənədin təfərrüatlarını açıqlamayıb.

Türk nəşri yazır ki, iki ölkə arasında terrorizmə qarşı mübarizədə əməkdaşlığın hüquqi əsasını təşkil edən sənədə əsasən, birgə mərkəz İraq Silahlı Qüvvələrinin mərkəzi əməliyyat qərargahı əsasında fəaliyyət göstərəcək, amma orada təmsil olunan hərbçilər öz ölkələrinin komandanlıqlarına tabe olacaqlar. Mərkəz kəşfiyyat məlumatlarının mübadiləsi, hərbi planlaşdırma və terrorizmlə mübarizədə iki ölkənin hərəkətlərinin əlaqələndirilməsini həyata keçirəcək.

Anlaşma həmçinin fəaliyyətinə dair tərəflər arasında fikir ayrılıqları olan Başika şəhərindəki Türkiyə hərbi bazasının birgə təlim və əməkdaşlıq mərkəzinə çevrilməsini də nəzərdə tutur. Bu, Türkiyə hərbçilərinə iraqlılara təlim keçməyə, PKK və İŞİD terror təşkilatlarına qarşı birgə müqavimətə imkan verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin aprelində İraqa səfərindən sonra Ankara və Bağdad təhlükəsizlik məsələlərində əməkdaşlığı intensivləşdirib. Səfər zamanı iki ölkə arasında yüksək səviyyəli təhlükəsizlik mexanizmi üçün koordinasiya mərkəzinin yaradılması barədə razılıq əldə olunub.

Anlaşma çərçivəsində İraq-Türkiyə sərhədinin (Şimali İraq) terrorizmdən tamamilə təmizlənməsi planlaşdırılır. Terrordan təmzilənəcək Türkiyə ilə sərhədində İraqın sərhəd qoşunları yerləşdiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər