Moskva Kişinyovu Moldovanın suverenliyi və təhlükəsizliyi ilə bağlı məsuliyyətsiz oyunları dayandırmağa çağırır, bunun açarı neytral statusdur.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bir daha Moldova hakimiyyətini respublikanın suverenliyi və təhlükəsizliyi ilə bağlı məsuliyyətsiz oyunları dayandırmağa, konstitusiyada təsbit olunmuş və balanslaşdırılmış xarici siyasəti nəzərdə tutan neytrallıq statusuna ciddi əməl etməyə, digər dövlətlər, o cümlədən Rusiya ilə mehriban qonşuluq münasibətlərini saxlamağa çağırırıq”, - diplomat bildirib.
Zaxarova qeyd edib ki, Qərbin Rusiyaya qarşı qeyri-dost kursuna və Avropa İttifaqının sanksiyalarına qoşulmaq, Ukrayna ilə tam həmrəylik, hərbiləşdirmə və NATO ilə birgə təlimlərinin sayının artırılması Moldovanın neytrallığı statusuna ziddir.
Rusiya rəsmisi bununla bağlı Moldovanın bütün sağlam siyasi qüvvələrinin həyəcan təbili çaldığını vurğulayıb və əlavə edib ki, Kişinyovdakı marionet hakimiyyət ölkə konstitusiyasını pozmaq təcrübəsinə malikdir. Zaxarova buna misal kimi, konstitusiyadada təsbit olunmasına baxmayaraq, dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsini göstərib.
“Bunun fonunda Moldova müxalifətinin nümayəndələri ölkənin bitərəf statusundan imtina etməsi perspektivi ilə bağlı qorxularını getdikcə daha çox dilə gətirirlər, Maya Sandu əleyhdarlarının fikrincə, bu, zaman məsələsidir.
Bunun üçün şəraitin hazırlanması Moldovanın yaxınlarda yenilənmiş doktrinasında - Milli Təhlükəsizlik və Müdafiə Strategiyasında Aİ və NATO ilə hərbi-siyasi əməkdaşlığın dərinləşdirilməsi vektorunun konsolidasiyası ilə sübut olunur. Moldova rəhbərliyi geniş yayılmış hərbiləşmə və hərbi xərclərin artmasına haqq qazandırmaq cəhdlərində daim təkrarlayır ki, neytral status guya ölkəni qorumaq və onun təhlükəsizliyini təmin etmək iqtidarında deyil”, - diplomat vurğulayıb.
Zaxarovanın fikrincə, Moldova vətəndaşlarının fikri bu gün Rumıniya pasportu daşıyan hakimiyyət təmsilçilərini qətiyyən maraqlandırmır: “İctimai rəy sorğularının nəticələrinə görə, moldovalıların 65 faizi hesab edir ki, respublikanın təhlükəsizliyini məhz neytrallıq təmin edir, mütləq əksəriyyət – 74 faiz isə ölkənin NATO-ya qoşulmasının əleyhinədir”.