Rusiyanın İran lisenziyası (“Şahid”) əsasında hazırladığı “Qeran 1” və “Qeran 2” PUA-ları Moskvanın Ukraynanın kritik infrastrukturuna qarşı zərbə kampaniyasının əsas iştirakçısıdır.
Teleqraf.com xəbər verir ki, bunu italiyalı hərbi analitik Federiko Borsari deyib.
Onun sözlərinə görə, İran PUA-ları son bir neçə ildə Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliklərinə və İsrailə qədər bir çox Yaxın Şərq ölkəsinin səmasında təhlükə yaradıb:
“Amma onların Ukraynada müharibə teatrında effektivliyi getdikcə azalır. Son aylarda Ukrayna sabit radar, elektro-optik və akustik sensorlardan ibarət erkən xəbərdarlıq şəbəkəsini genişləndirərək, dronlar və digər hava hücumlarına qarşı müdafiə imkanlarını təkmilləşdirir”.
Ukrayna həmçinin böyük əksəriyyəti vurulan “Şahid”lər və digər zərbə PUA-larını ovlamaqda ixtisaslaşan yeni mobil qruplar hazırlayıb.
Borsari Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatları əsasında söyləyib ki, “Şahid”lərin ələ keçmə nisbəti son beş ayda durmadan artıb, indi bu, 91 təşkil edir: “Müqayisə üçün qeyd edim ki, “Şahid”lərin 6 ay əvvəl orta hesabla ələ keçmə əmsalı 80 faiz olub, ən yüksək göstərici 83 faiz ötən ilin noyabrında qeydə alınıb”.
Analitikin fikrincə, “Şahid”lərin effektivliyinin azalması Ukraynanın bu silahlara qarşı müdafiə sahəsində imkanlarının yaxşılaşdırılması ilə mütənasibdir: “Başqa sözlə, artıq “Şahid” və digər zərbə PUA-larının yaratdığı təhlükələrə qarşı müdafiə həlli var”.