Rusiya qoşunları artıq Donetsk vilayətinin Selidovo şəhərinin ətrafına (Pokrovsk yaxınlığında) hücuma keçiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” portalı məlumat yayıb.
Mənbə artıq şəhər ətrafında yerləşən Kotlyarevska mədənində Rusiya bayrağının dalğalandığını yazır.
“Selidovodan şərqdə Kotlyarevska mədəninin inzibati binasında bayraq qaldırıblar. Artıq döyüşlər şəhərin ətrafında gedir. Vəziyyət çətindir və nəzarətdən çıxıb”, - məlumatda deyilir.
Hazırda Pokrovsk şəhəri Rusiya ordusunun səylərini cəmlədiyi ən çətin istiqamətdir. “DeepState” vəziyyəti kritik adlandırır. Selidovoya gəlincə, nəşr buranın güclü sənaye şəhəri olduğunu, ətrafının minalandığını və istehkamlarla müdafiəsinin gücləndirildiyini yazır.
Səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, son sutka ərzində Pokrovsk istiqamətində Rusiyanın 66 hücumu dəf edilib.
Hərbi analitik Denis Popoviç rus qoşunlarının sürətlə irəliləməsini canlı qüvvə və texnikabaxımından üstünlüyü, eləcə də ukraynalı komandirlərin səhvləri ilə əlaqələndirir. Ekspertlərə görə, Pokrovk şəhəri ələ keçirilsə, Rusiya üçün Donetsk vilayətinin işğalını tamamlamaq daha asan olacaq.