14 Sentyabr 10:23
2 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident seçildikdən sonra ilk xarici səfərini İraqa edən İranın siyasi lideri Məsud Pezeşkian ABŞ-ın bu ölkədəki ən böyük müttəfiqi, PKK/YPG/SDQ terror təşkilatına dəstəyi ilə tanınan Bafel Təlabani ilə də görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzeti yazır.

Dünən Bağdadda İraq Prezidenti Əbdülətif Rəşid və Baş nazir Məhəmməd Şiya əl-Sudani ilə görüşdükdən sonra Süleymaniyyəyə gedən Pezeşkianı orada hava limanında Təlabani qarşılayıb. Kameralar qarşısına keçən İran prezidenti Təlabani ilə səmimi pozalar verib.

“ABŞ və İsraili “əsas düşmən”i elan edən İran lideri Pezeşkianın 2022-ci ildə amerikalı general Metyu Makfarleynlə poza verən Təlabani ilə kameralar qarşısına çıxması “ABŞ bu çərçivənin harasındadır” sualını gündəmə gətirib”, - türk nəşri bildirir.

“Yeni Şafak” bildirir ki, Avropada aldığı təlim və tapşırıqlardan sonra İraqa qayıdan Təlabani Şimali İraq Kürd Muxtariyyətinin kəşfiyyat bölməsi “Zenyari”nin başına keçib və PKK ilə sıx əlaqələr qurub:

“Təşkilatın qanunsuz fəaliyyətlərindən, xüsusilə də narkotik ticarətindən faydalandığı ortaya çıxan Bafel Təlabani həm PKK-nın Şimali İraqdakı strukturlarını, həm də “Zenyari” vasitəsilə təşkilatın Suriya qolu YPG ilə əlaqə kanallarını idarə edib.

Təlabani “Antiterror Qrupu” adı altında təşkilat üzvlərinə təlimlər də verib. PKK-nın Suriya qolu YPG/SDQ ilə Şimali İraq Kürd Muxtariyyəti arasında quru dəhlizi yaratmağı hədəfləyən Təlabani 2022-ci ilin dekabrında Suriyanın şimalına gedərək PKK/YPG liderlərindən biri olan Fərhad Abdi Şahinlə (Mazlum Kobani) görüşüb. Görüşə ABŞ generalı Metyu Makfarleyn də qatılıb”.

“Yeni Şafak” bundan öncə də Süleymaniyyədəki terror qruplaşmalarına rəhbərlik edən Təlabaninin əsas dəstəkçilərindən birinin İran olduğunu yazmışdı. Türkiyədən müxtəlif səviyyələrdə İranın bu təxribatçı fəaliyyətlərinə etiraz edilib. Üstəgəl, Tehranın İran ərazisindəki terrorçuların İraq ərazilərinə keçmələrinə zəmin yaratması da Ankaranın kəskin təpkiləri ilə qarşılanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər