30 Sentyabr 17:16
3 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xüsusi təyinatlı qüvvələri Livanın cənubunda reydlər keçirərək, mümkün quru əməliyyatına hazırlıq məqsədilə kəşfiyyat məlumatları toplayır. Əməliyyatın bu həftə başlaması ehtimalı var.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazır.

ABŞ nəşrinin məlumatına görə, əməliyyatlar zamanı qırıcılar Livan-İsrail sərhədi boyunca “Hizbullah”ın tunellərini vuracaq. Belə reydlər bir neçə aydır davam edir.

Mənbələr bu addımın Livanla sərhəddə “Hizbullah”ın hərbi imkanlarını zəiflətmək üçün İsrailin daha geniş strategiyasının bir hissəsi olduğunu, amma əməliyyatın vaxtının ABŞ-ın təzyiqi ilə dəyişə biləcəyini bildirirlər. Bununla belə, İsrailin dəqiq planları, eləcə də Təl-Əvivin bu ərazini nə qədər müddətə saxlayacağı və ya irimiqyaslı reydlər olub-olmayacağı bəlli deyil.

Eyni zamanda, keçmiş yüksək rütbəli İsrail hərbi zabiti Amir Avivi quru işğalını “qaçılmaz” adlandırıb və hazırkı reydlərin hazırlıq tədbirlərinin bir hissəsi olduğunu deyib. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri mümkün quru əməliyyatlarına xüsusi bölmələrin iştirakı ilə hazırlaşır.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bir neçə gün öncə Livanın paytaxtı Beyrutda “Hizbullah” lideri Həsən Nəsrullahı zərərsizləşdirib. Nəsrullah təşkilata 1992-ci ildən, sələfi Abbas Musəvinin ölümündən sonra başçılıq edirdi, o da raket hücumu nəticəsində öldürülüb.

İsrailli təhlükəsizlik eksperti Dan Şuftan “Hizbullah” liderinə qarşı sui-qəsdin bütün dünya üçün təsirli olduğunu söyləyib. Onun fikrincə, bu, ilk növbədə radikalları birləşdirici fiqurdan, İranə isə regiondakı siyasətinin ən mühüm alətindən məhrum edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər