Hansısa bir bölgədə müharibə formal olaraq bütün və ya əksər ölkələrin iştirak etdiyi halda regional hesab olunur. Amma Yaxın Şərqdəki hazırkı münaqişə kontekstində əsas göstərici İranın müharibəyə qoşulması olacaq.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
“1 oktyabr axşamı İran İsrailə irimiqyasda raket zərbəsi endirdi. İran hakimiyyəti xəbərdarlıq etdi ki, İsrail cavab verərsə, daha dağıdıcı hücumlarla üzləşəcək. Bütün ritorikasına rəğmən, Tehrandakı mollakratiya təşviş içindədir. Ayətulla rejimi İsrailin cavab zərbələrindən qorxur.
Səbəb bəsitdir: onillərdən bəri Yaxın Şərqi proksi qüvvələri ilə çalxalayan mənhus ayətulla rejimi indi güclü müttəfiqlərinin dəstəyindən məhrumdur. Rusiya və Çinin regional müharibədə İrana dəstək vermək ehtimalı azdır. Hərbi-strateji baxımdan İranın vəziyyəti ötən ildən daha da pisləşib: İnqilab Keşikçiləri Korpusu (SEPAH) Livan və Suriyada fəaliyyət göstərən bir sıra zabitlərini itirib, daha doğrusu, onlar məhv edilib, zərərsizləşdirilib”, - jurnalist bildirib.
Elçin Alıoğlu əlavə edib ki, HƏMAS və “Hizbullah” da əhəmiyyətli dərəcədə zəiflədilib və sürpriz elementi aradan qalxıb:
“İsrail isə öz qüvvələrini möhkəmləndirib. Bundan əlavə, İrandakı başabəla molla rejiminin yarıtmaz və absurd, orta əsrlərin qaydalarının müasir dövrə pərçimlənməsinə əsaslanan “vilayəti-fəqih” sistemi nəticəsində ölkə iqtisadiyyatı böhran içindədir və ölkə daxilində rejimə qarşı olan qüvvələr hakimiyyətin zəifləməsini gözləyir. Belə bir vəziyyətdə böyük müharibəyə başlamaq tamamilə ağlasığmazdır.
İranın güc strukturları, xüsusən də SEPAH rəhbərliyi rejimin sabitliyi və özünün varlığının təhlükə altında olduğunu anlayır. Hakimiyyətlərini qorumaq, təhlükəsizliklərini təmin etmək üçün hətta ən radikal tədbirlər, o cümlədən hərbi çevrilişə gedə və Prezident Məhsud Pezeşkianı vəzifəsindən uzaqlaşdıraraq fövqəladə vəziyyət elan edə bilərlər. Amma nə olur-olsun, İrandakı rejim üçün artıq gerisayım başlayıb.
1979-cu ildən bəri mollakratiya əsla dəyişməyib və dəyişən deyil. İran xalqı isə normal yaşamaq istəyir. Mollakratiyasız, ayətullaların naftalin qoxuyan şüarlarının səsləndiyi gündəm olmadan”.