6 Oktyabr 18:14
3 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezident seçkisi yaxınlaşdıqca, bu ölkəyə kiberhücumların sayı artır. ABŞ Federal Təhqiqatlar Bürosu Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyi ilə birgə kənar müdaxilələrə qarşı mübarizəni gücləndirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə xatırladılır ki, bir müddət əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki qərargahına qarşı kiberhücumların həyata keçirildiyi açıqlanmışdı:

"Vaşinqton bu hücumların arxasında İranın olduğunu bəyan etmişdi. Vaşinqtonun açıqlamasında İranın ABŞ-da ixtilaf yaratmağa və demokratik qurumlara inamı sarsıtmağa çalışdığı bildirilmişdi. Bundan başqa, İrandan olan haker qrupları Trampa qarşı sui-qəsdlə bağlı paylaşımları maliyyələşdirdiyi açıqlanıb.

Rusiyanın başı Ukrayna müharibəsinə qarışsa da, bu ölkənin də ABŞ-da prezident seçkisinə müdaxiləsinə dair şübhələr var. Trampın 2016-cı ildə qələbəsi məhz Rusiyanın haker hücumları ilə əlaqələndirilmişdi. İddia edilmişdi ki, Kremlin maliyyələşdirdiyi haker qrupları Trampın rəqibi Hillari Klinton haqqında yanlış məlumatlar yayaraq, seçkinin nəticəsinə təsir etmişdilər. Bu arada, Vaşinqton Rusiya hökumətinin yönəltdiyi 32 internet domenini qapadıb. Kremlin maliyyələşdirdiyi müxtəlif saytlar amerikalı bloqerlərin səhifələrindən də istifadə etməyə çalışaraq, müxtəlif dezinformasiyalar yayırlar. Bu o deməkdir ki, Rusiyanın haker qrupları bu dəfə də ABŞ-da prezident seçkisinin nəticələrinə təsir etməyə çalışacaqlar.

Kreml Trampın qələbəsində maraqlıdır. Moskva ümid edir ki, Tramp seçilərsə, Ukraynaya maliyyə və hərbi yardımı dayandıracaq. Bu, baş verərsə, Ukraynanın müharibədə qələbə çalmaq və ərazi bütövlüyünü təmin etmək şansı azalacaq.

Vaşinqton Çindən də şübhələnir. “Amerikanın səsi” radiosunun xəbərinə görə, Çindəki internet rerursları ABŞ-ın siyasətinə təsir etmək üçün xəbər axınını artırıblar. Xəbər axını içərisində ABŞ-dakı yəhudi siyasətçilər və onların ailə üzvləri haqqında məlumatların yayılması diqqəti çəkib. Məsələn, yayılan xəbərlərdə ABŞ prezidentinin həyat yoldaşı, keçmiş prezidentin kürəkəni və anasının, dövlət katibi, maliyyə naziri, dövlət katibinin müavini və baş prokurorun yəhudi olduğu vurğulanıb. Bununla demək istəyirlər ki, ABŞ-ın siyasəti yəhudilərin təsiri altındadır. Vaşinqton bu cür xəbər axınını antisemitizmin əlaməti kimi qiymətləndirib. ABŞ rəsmiləri Çini qarşıdan gələn seçkilərin bütövlüyü üçün əsas təhlükə adlandırsalar da, Pekin bu iddiaları təkzib edib".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər