Dünən Avropa Birliyinə (AB) üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan və Moldovada seçkiqabağı vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel deyib.
“Moldova və Gürcüstandakı vəziyyəti müzakirə etdik. Qarşıdakı həftələrdə hər iki ölkəni həlledici seçkilər gözləyir. Moldova Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Avropa Birliyinə daxil olmaq yolunda önəmli irəliləyişlər əldə edir. Gürcüstandakı mənzərə daha acınacaqlıdır. Hakim partiyanın hərəkətləri, bəyanatları və seçkiqabağı vədləri ölkəni AB-yə üzvlük yolundan uzaqlaşdırır, bunlar avtoritarizmə dəlalət edir. Buna görə də AB-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, - AB-nin baş diplomatı bildirib.
Borrel qeyd edib ki, Avropa Birliyi Gürcüstanın demokratiyası üçün həlledici əhəmiyyət kəsb edəcək seçkilərin nəticələrini gözləyir.
Avropa Birliyinin seçkilərin nəticələrinə uyğun olaraq (məsələn, hakim "Gürcü Arzusu" Partiyasının qələbəsi durumunda) hansı tədbirləri görəcəyi bəlli deyil. Borrel buna aydınlıq gətirməyib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.