İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandir müavini general Abbas Nilforuşanın öldürülməsi Tehrandakı islam rejiminə, eləcə də onun regiondakı proksilərinə ağır zərbə oldu.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) iranlı tədqiqatçısı Benni Sabti deyib.
Nilforuşan həm də “Qüds” briqadasının Livandakı qüvvələrinin komandiri idi. O, sentyabrın 27-də Beyrutun Dahiyə şəhərində “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahla birlikdə öldürülüb.
“Bu adam (Yaxın Şərqdə) SEPAH-ın əməliyyatlarına rəhbərlik edirdi, bir çox missiyalar, təchizat və büdcələr onun əlindən keçirdi. Demək olar ki, bu qurumda hər şeyə cavabdeh idi: büdcələrin təsdiqlənməsi, Suriya və Livana silahların ötürülməsi, “Hizbullah” və digər terror təşkilatlarının bütün fəaliyyətlərinə nəzarət”.
Sabti qeyd edib ki, Nilforuşan uzun illərdir sistemdəydi. Yəni o, birdən-birə peyda olan şəxs deyildi, media sadəcə öldükdən sonra ondan xəbər tutub.
“Nilforuşan ekstremist idi. İranda inqilab baş verəndə onun 14 yaşı vardı, bu yaşda İran-İraq müharibəsinə qoşulub. Özü də ekstremal bir şəhərdə böyümüşdü. İrandakı fon çox vacibdir; ekstremal mühitdə böyümüsənsə, yoluna belə davam eləməlisən”, - analitik vurğulayıb.
Nilforuşanın digər fəaliyyətlərinə gəlincə, Sabti əlavə edib: “Son illərdə əməliyyatların rəhbəri rolunda “Hizbullah”ın İsrail əleyhinə fəaliyyətinə töhfə verib, razılaşdırma işi ilə məşğul olub. SEPAH-da baş verən hər şeydə onun əli vardı”.
Analitikin fikrincə, Nilforuşan “Qüds”ün mərhum komandiri Qasım Süleymanidən sonra molla rejimi və SEPAH üçün önəmli fiqur olub:
“Bu sui-qəsd İnqilab Keşikçiləri və proksi qüvvələr də daxil olmaqla, bütün İran oxu üçün çox ağır zərbə oldu. Staj, təcrübə, istənilən qapının açılması, bacarıq - bütün bunlar onu Tehran üçün önəmli edirdi. Həmişə deyirlər ki, biri gedibsə, biri gələcək – heç də belə deyil. Boş qalmış ayaqqabılarını dolduracaq birini tapana qədər çox vaxt lazım olacaq.
Düşünürəm ki, ilk dəfədir bütün SEPAH vuruldu. Heç kimin dilə gətirmədiyi şey budur”.