Roma Papası Frensisk Paris Yay Olimpiya Oyunlarının açılışındakı ədəbsizliyə görə Fransa Prezidenti Emmanuel Makronu cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Makron Olimpiya Oyunlarında xristianlıq və sağlam düşüncəni ələ saldığına görə cəzalandırıldı. Fransa prezidenti Roma Papası Frensiski dekabrın 8-də bərpa edilmiş Notr-Dam kilsəsinin açılışına dəvət edib. Pontifik iki dəfə açıq şəkildə Parisə getməyəcəyini açıqlayıb. Roma Kuriyası bütün dünya və Parisə açıq şəkildə bildirir ki, olimpiadanın açılışında nümayiş etdirilən ədəbsizlikdən sonra indiki rejim pontifik tərəfindən pastoral ziyarətə layiq deyil”, - Zaxarova qeyd edib.
Rusiya rəsmisinin sözlərinə görə, dekabrın 8-də planlaşdırılan kilsənin açılış mərasimi Makronun xəyal etdiyi kimi olmayacaq.
Zaxarova bildirib ki, fransızlar papanın bu qərarının zərərini minimuma endirməyə çalışırlar: “Amma hər kəs baş verənlərin əsl motivlərini mükəmməl anlayır və pontifi ayaqda alqışlayır”.
Həmçinin o, 1000 il əvvəl Roma İmperiyasının Kayzeri IV Henrixin Papa VII Qriqorinin qarşısında diz çökərək bağışlanması olayını xatırladıb:
“Roma kilsəsinin başçısı bu təkəbbürlü adamı bağışladı. Amma sonu hələ də kədərli idi, yenidən kilsədən xaric edildi və hakimiyyətdən uzaqlaşdırıldı. Öz oğulları, kilsə və vassalları tərəfindən lənətlənərək öldü. Başqa bir məsələ odur ki, Makron üçün diz üstə çökmək cəza yox, zövqdür”.