Varşavanın Kiyevə hərbi yardımının həddi Polşanın təhlükəsizliyidir. Polşa təkbaşına Ukrayna üzərində Rusiya raketlərini vura bilməz, bunun üçün bütün NATO-nun qərarı lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamiş deyib.
Ölkə rəsmisi Prezident Vladimir Zelenskinin Polşanın Ukraynaya kömək üçün əlindən gələni etmədiyinə dair sözlərinə diqqət çəkərək, ukraynalıların “qısa yaddaş”a malik olduqlarını qeyd edib. O xatırladıb ki, müharibənin ilk aylarında Polşa Ukraynaya çoxlu hərbi və humanitar yardımlar verib.
“Demək olmaz ki, Polşa əlindən gələni etmir, Polşa mümkün olan hər şeyi edib və etməkdə davam edir. Amma elə bir xətt var ki, onu heç vaxt keçməyəcəyik. Ukraynaya yardımın sərhədi Polşanın təhlükəsizliyidir. Əgər hər hansı avadanlığın ötürülməsi Polşa dövlətinin təhlükəsizliyini təhdid edərsə, mən bunu verməyəcəm”, - Kosinyak-Kamiş vurğulayıb.
Onun fikrincə, Ukrayna prezidenti başqa ölkələri Rusiya ilə birbaşa münaqişəyə cəlb etməyə cəhd göstərir: “Bu cəhd müəyyən mənada təbiidir. Amma bizim öz strategiyamız, öz milli maraqlarımız var”.
Müdafiə naziri qeyd edib ki, NATO baş katibi ilə bu yaxınlarda Varşavaya səfəri zamanı Ukrayna üzərində Rusiya raketlərinin vurulması ilə bağlı danışıb, amma bu məsələ ilə bağlı ortaq qərar yoxdur:
“İnanıram ki, bütün alyansın birgə qərarı olsaydı, mümkün olardı. Amma bu gün Rusiyadan gələn raketlərin vurulması ilə bağlı qərar yoxdur. Ona görə də NATO-nun heç bir sərhədyanı ölkəsi bunu təkbaşına öz üzərinə götürməməlidir”.