16:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Tonqa Krallığının Qanunvericilik Məclisinin sədri Lord Fkafanua Fatafehi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, noyabrın 16-17-də COP29 çərçivəsində Milli Məclisin və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qonağı salamlayan spiker Sahibə Qafarova tədbirin əhəmiyyəti barədə fikirlərini çatdırıb.

Görüşdə iqlim dəyişikliyinin yaratdığı problemlərin bütün dövlətlərə mənfi təsirlərinin olduğu qeyd edilərək, bu istiqamətdə qlobal əməkdaşlığın vacibliyi vurğulanıb.

Söhbət zamanı, Azərbaycanın Millətlər Birliyi ilə əməkdaşlıq məsələləri, bu təşkilat vasitəsilə kiçik ada dövlətlərinə göstərdiyi humanitar, texniki yardımlar barədə məlumat verilib.

Lord Fkafanua Fatafehi kiçik ada dövlətlərinin iqlim ədalətsizliyi ilə üzləşdiklərini diqqətə çatdıraraq, deyib ki, iqlim dəyişikliyi onlar üçün təhlükəsizlik məsələsidir. O, qeyd edib ki, Azərbaycan kimi yeni dostların bu dövlətlərə iqlim dəyişikliklərinə uyğunlaşmağa göstərdiyi yardım çox böyük əhəmiyyətə malikdir. Qonaq, həmçinin, Azərbaycanın COP29 çərçivəsində kiçik ada dövlətlərinin səsini prioritetləşdirdiyi və daha yüksək səviyyəyə qaldırdığı üçün minnətdarlığını bildirib. O, ümidvar olduğunu söyləyib ki, həm COP29, həm də Parlament Görüşü çərçivəsində keçirilən müzakirələr məhsuldar olacaq və iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə mühüm töhfələr verəcək.
Ölkələrimiz arasında münasibətlərin də nəzərdən keçirildiyi görüşdə Tonqa Krallığının Baş nazirinin ölkəmizə səfəri, Bakı Bəyannaməsi imzalanması məmnunluqla xatırlanıb.

Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər haqqında da geniş məlumat verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər