1 Aprel 2015 12:15
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərşənbə axşamı Almaniyanın bir çox bölgəsini dağıntılara məruz qoyan “Niklas” qasırğası 7 nəfərin həyatına son qoyub, bir neçə nəfər xəsarət alıb.

Trend-in DPA-ya istinadən verdiyi məlumata görə, Bavariya və Reynland-Pfalts federal torpaqlarında ağacların avtomobillər üzərinə aşması nəticəsində üç nəfər həlak olub. Saksoniya-Anxaltda isə bir kişinin üzərinə beton divar aşıb. Daha üç nəfər digər hadisələrin qurbanı olub. Bununla belə, xəsarət alanların dəqiq sayı məlum deyil.

Polis və yanğınsöndürənlər avtomobil yollarını təmizləməyə davam edirlər. Qasırğa nəticəsində aşan yük maşınları avtobanlarda uzun tıxacların yaranmasına səbəb olub. Hamburqda hava şəraitinin pisləşməsi ilə bağlı 63 aviareys təxirə salınıb. “Deutsche Bahn” konserni Bavariyaya uzaqmənzilli qatarların hərəkətini dayandırıb. Şimali Reyn-Vestfaliya federal torpağında isə bütün şəhərdaxili dəmiryolu reysləri təxirə salınıb. Bəzi məlumatlara görə, qonşu ölkələr Avstriya və İsveçrədə də bir neçə nəfər bu təbii fəlakətin qurbanı olublar.

Almaniyanın qərbini, şimalını və cənub-qərbini əhatə edən “Niklas” qasırğasının sürəti bəzi yerlərdə 42 metr/saniyəyə çatıb.


Müəllif: