Britaniya alimləri hazırda bu sahədə ən miqyaslı və dəqiq son tədqiqatları nəticəsində artıq çəkinin bir növ qocalıq ağıl zəifliyindən “sığortalanma” olduğunu müəyyən ediblər.
Tədqiqat nəticələri alimləri heyrətə gətirib: nəticələr Dünya Səhiyyə Təşkilatının bu xəstəliyə dair tövsiyələrinin ziddinədir. Mövcud tövsiyələr əsasən siqaret çəkməkdən imtina, balanslı pəhriz və sağlam həyat tərzi kimi məsləhətlərdir.
Lakin Lancet Diabetes & Endocrinology jurnalında dərc olunmuş tədqiqatların nəticələri çəki çatışmazlığı olan insanların yddaşsızlığa daha çox meylli olduqlarını göstərir. Artıq çəki isə bu xəstəliyin inkişafı təhlükəsini azaldır.
Qocalıq ağıl zəifliyi bu gün ən aktual xəstəliklərdən biridir. Ehtimal olunur ki, 2050-ci ilə qədər bu xəstəliyin diaqnozu qoyulmuş pasientlərin sayı ikiqat artıb 135 milyon nəfərə çatacaq.
Bu gün bu xəstəliyin heç bir müalicəsi yoxdur və həkimlərin yeganə məsləhəti sağlam həyat tərzinə riayət etməkdir. Bu isə, tədqiqatların göstərdiyi kimi, konkret bu xəstəliklə mübarizə üçün səhv ola bilər.
Nə qədər kök olsan, o qədər də yaxşıdır?
Oxon Epidemiology və London Gigiyena və Tropik Tibb Məktəbinin bir qrup tədqiqatçıları təxminən iyirmi il müddətində orta hesabla 55 yaşlında 2 milyona yaxın adamların tibbi qeydlərini araşdırıblar.
Ən sadə hesablamaya görə, normal çəkili insanlarla müqayisədə çəki çatışmazlığı olan insanların qocalıq ağıl zəifliyinə meylliliyi 39 faiz artıqdır.
Maraqlıdır ki, xəstəliyin inkişaf etməsi təhlükəsi artıq çəkisi olan insanlarda 18 faiz, piylənməkdən əziyyət çəkənlərdə 24 faiz aşağıdır.
“Bəli, bu, sürprizdir”, - alimlər qrupunun rəhbəri doktor Nəvvab Qızılbaş deyib.
Alimin sözlərinə görə, tədqiqatın mübahisəli nəticəsi o olub ki, dolğun və artıq çəkisi olan insanların demensiya xəstəliyinə tutulmaq ehtimalı çəkisi normal hüdudlarda olan və sağlam həyat tərzilə yaşayan insanlardan azdır.
“Bu nəticələr indiyə qədər aparılan bütün tədqiqatlara ziddir, lakin bizim tədqiqatlar miqyası və hesablamalarının dəqiqliyinə görə bütün əvvəlki tədqiqatların hamısından üstündür”, - doktor Nəvvab Qızılbaş deyib.
Eyni zamanda skeptiklər araşdırmalarda qocalıq ağıl zəifliyi xəstəliyinə gətirən faktların çatışmadığını qeyd edirlər. Alimlərin əvvəlki qənaətlərinə görə, D və E vitaminlərinin qəbulu xəstəliyin inkişafı riskini xeyli azaldır. Lakin doktor Qızıbaş deyir ki, onun komandasının araşdırmalarının nəticələrinə bol yeməyə meyllilər üçün lətafət kimi baxılmamalıdır.
“Siz artıq çəki ilə yaşayarkən, hər şeyin öz qaydasında olduğunu düşünə bilməzsiniz. Hətta artıq çəkinin demensiyadan müəyyən müdafiə təmin etdiyinə baxmayaraq, sizin ömrünüz bu üstünlükdən faydalanmaq üçün yetərincə uzun olmaya bilər”, - alim xəbərdar edir.
Ürək-damar xəstəlikləri, insult, şəkərli diabet, xərçəngin bəzi növlərinin əvvəlki kimi artıq çəki ilə bağlı olduğunu deyirlər və bu xəstəliklər kontekstində sağlam qidalanma üzrə tövsiyələr şübhə altına alınmayıb.
Cavabsız suallar
Tibb məsələləri üzrə BBC müxbiri James Gallagher deyir ki, tədqiqatların nəticələri təkcə tədqiqatçıları şoka salmayıb.
Lakin bir çox suallar cavabsız qalıb. Xəstəlikdən müdafiəni məhz piy təmin edir, yoxsa demensiya profilaktikası vasitəsi kimi başqa nə isə istifadə oluna bilər?
Başqa tədqiqatçı qruplar bu nəticələri təsdiq edirlərmi?
Tədqiqatların davam etdirilməsinin zəruriliyi aydındır. Bəs indi insanlar nə etməlidirlər? Hazırkı nəticələr əlavə tort tikəsi ilə divanda rahatlanmaq üçün bəhanə verməməlidir. Alzheimer cəmiyyəti və Alzheimer Elmi-Tədqiqat İnstitutu siqareti tərgitməyi, bədən tərbiyəsi ilə məşğul olmağı və balanslı pəhrizə riayət etməyi tövsiyə edir.
Britaniyada Alzheimer Elmi-Tədqiqat İnstitutundan doktor Simon Ridley bu sahədə araşdırmaları davam etdirməyə çağırır: “Yeni nəticələr çox maraqlıdır, çünki bütün əvvəlkilərin ziddinədir. Artıq çəkinin demensiya ilə bağlılığı məsələsi tədqiqatın davam etdirilməsini tələb edir”.
Alzheimer cəmiyyətində hesab edirlər ki, “bu kimi nəticələr risk amillərinin müəyyən edilməsi üçün hər bir konkret insanın yaşama tərzinin nəzərə alınmasını tələb edən tədqiqatları keçirməyin nə dərəcədə mürəkkəb olduğunu göstərir”.
Nyu Yorkda SUNY Downstate Tibb və Tədqiqatlar Mərkəzindən proessor Deborah Gustafson deyir: “Bədən çəkisi indeksi ilə demensiyanın gec başlanğıcı arasında əlaqə bizi demensiya sahəsində bütün risk faktorları və müdafiə faktorları kompleksinin aydın anlaşılmasına gətirməlidir”.
/BBC/