ABŞ-ın Müdafiə Nazirliyi Suriya müxalifətinin İŞİD qruplaşması ilə mübarizə aparması üçün yeni hərbi plan hazırlayıb.
Plana görə, Əsədə qarşı olan qüvvələrə daha ciddi hərbi təlimlər keçiriləcək.
Proqrama əsasən hər il təxminən 5 min döyüşçünün hazırlanması planlaşdırılır. Pentaqon xəbərə şərh verməkdən imtina edib.
Vaşinqtonun İŞİD-ə qarşı mübarizə strategiyası ABŞ Hərbi Hava Qüvvələrinin qruplaşmanın İraq və Suriyadakı mövqelərinə hava zərbələri endirilməsini nəzərdə tutur. Yaraqlılara qarşı yerüstü hücum əməliyyatlarıni isə İraq ordusu və Suriya müxalifəti aparmalıdır.
Birləşmiş Ştatların aviasiyası qruplaşmanın İraqdakı mövqelərini 2014-cü il avqustun 8-dən, Suriyadakı mövqelərini isə sentyabrın 23-dən etibarən bombardman etməyə başlayıb. İŞİD-lə mübarizə məqsədi ilə formalaşdırılan koalisiyaya 60-dan artıq ölkə qoşulub və onlardan 12-si qruplaşmanın mövqelərinə hava zərbələri endirilməsində iştirak edir.