ABŞ Konqresinin Səudiyyə Ərəbistanı və İsrailə xeyli miqdarda silah satacağını açıqlandı. Məlumata görə, iki ölkənin hər birinə satılacaq silahların miqdarı 1.9 milyard dollar həcmində olacaq.
Pentaqonun İsrailə satacağı hərbi ləvazimatın siyahısına minlərcə bomba və raket, Səudiyyə Ərəbistanına isə 10 ədəd “Seahawk” adlı vertalyot daxildir.
İsrailin hərbi qüdrətini artıracaq bu silahlar müxtəlif olsalar da, onların ən çox diqqət cəlb edəni sığınacaqları və mağaraları dağıtmaq gücünə malik bombalardır. Tel-əvivin ciddi tələbləri nəticəsində ABŞ bu bombaları başqa heç bir ölkəyə, xüsusilə də ərəb ölkələrinə, satmayacağını boynuna götürüb.
ABŞ-dan alınmış bu 750 ədəd sığınacaq dağıcı bomba İsrailin yaxın perspektivdə hərbi niyyətindən xəbər verir. Xatırladaq ki, rəsmi Tel-əvivin istər Fələstində Hamasa, istərsə də Livanda Hizbullaha qarşı mübarizədə qarşılaşdığı ən böyük problem mağara və sığınacaqlardır.
Hərbi doktrinasını Yaxın Şərqdə İran şiəliyinin təsirlərini azaltmaq prinsipi üzərində quran Səudiyyə Ərəbistanının son zamanlar silahlanmağa ayırdığı diqqət əndazəsini aşmış vəziyyətə çatıb. Təkcə ötən il xaricədən silah almağa 50 milyard dollar dollar xərcləyən rəsmi Riyad bu göstəriciylə dünya dövlətlərinə liderlik etdi.
O, silahlarını yalnız ABŞ-dan da almır. Ölkənin bazarlıq etdiyi dövlətlər siyahısında müxtəlif Avropa dövlətlərindən tutmuş Pakistana qədər xeyli adlar yer alıb. İngiltərə mətbuatının yazdığına görə, Riyad son zamanlar hətta Pakıstanda atom bombası almaq eşqinə düşüb. Qiyməti milyard dollarlarla ölçülən bu alış-verişlər ölkənin maliyyə imkanını xeyli tükədir. Harda yeni silah gördü, səxavətlə pul kisəsinin ağzını açan Səudiyyə krallığı təkcə son 4 il ərzində ABŞ-dan 90 milyardlıq hərbi silah və sursat alıb.