Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib.
Publika.az xəbər verir ki, Dərbənd şəhər Məclisinin bu gun keçirilən iclasında səsvermə ilə Azadi Rəhimov mer seçilib.
Qeyd edək ki, Dağıstanın Tabarasan rayonundakı Darvaq kəndində anadan olan A. Rəhimov keçmiş ədliyyə naziridir.
Ötən il Dərbəndin azərbaycanlı rəhbəri Qurban Qurbanova açılan cinayət işi və onun vəzifəsindən uzaqlaşdırılmasında A. Rəhimov faktoru xüsusi önəm daşıyırdı. Belə ki, A. Rəhimovun əsas himayədarı hesab olunan Dağıstan rəhbəri Ramazan Abdulatipov Qurbanovdan onu özünə birinci müavin təyin etməyi, ardınca səhhəti ilə bağlı istefaya gedərək vəzifəsinin icrasını müavininə həvalə etməyi istəyib. Lakin Qurbanov bundan imtina edib. Ardınca Abdulatipov canlı efirdə onu istefaya çağırdı. Qurbanovun bundan da imtina etməsi şəhərdə qarşıdurmanı gücləndirdi. Sonda onun haqqında cinayət işi açıldı və məcburi şəkildə vəzifəsindən uzaqlaşdırıldı.
Lakin A. Rəhimovun yolu bununla da açılmadı. Bu dəfə Dərbənd Şəhər Məclisinin sədri İmam Yarəliyev faktoru ortaya çıxdı. Hansı ki, Q. Qurbanovun uzaqlaşdırılmasında onun Abdulatipova dəstək verdiyi haqda informasiyalar var idi.
Məlumatlara görə, Yarəliyevlə Abdulatipov arasında başlanan qarşıdurmanın əsas səbəbi məhz A. Rəhimov olub. Belə ki, Abdulatipov Yarəliyevi yanına çağıraraq A. Rəhimovu Dərbənd rəhbərliyinə gətirilməsi tapşırığını verib. Yarəliyev isə bundan qəti imtina edib. Bu da qarşıdurmanın başlanmasına səbəb olub.
Bu gün keçirilən seçkidə A. Rəhimovun qalib gəlməsi Abdulatipovun oyundan qalib çıxdığını göstərir.
Dağıstan KİV-nin məlumatına görə, bu ilin fevralın 14-də Dərbənddəki torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu üçün istefa verməyə məcbur olan sabiq mer Mövsüm Rəhimov da yenidən öz namizədliyini verəcəyini bəyan etsə də, səsverməyə 15 dəqiqə qalmış geri çəkilib.
Məlumatlara görə, Dağıstanın baş naziri Əbdüsəməd Həmidov seçkidən bir neçə gün qabaq Dərbəndə gələrək bütün namizədlərdən geri çəkilməyi və mer olaraq Azadi Rəhimovun seçilməli olduğunu söyləyib.