18 İyun 2015 08:05
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada koronavirusun ilk qurbanı 65 yaşlı alman oldu.

Adı açıqlanmayan 65 yaşlı kişi xəstəliyinin ağırlaşmasından iyunun 6-da Aşağı Saksoniyadakı xəstəxanada ölüb. Lakin bu barədə məlumat indi verilib. Almaniya vətəndaşı bu ilin fevral ayında məzuniyyətdə olarkən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində bu xəstəliyə yoluxub. Həkimlər pasiyentin sağaldığını güman ediblər və may ayının ortasından etibarən o, karantində olmayıb.

MERS koronavirusuna yoluxan insanlarda xəstəliyin ilkin mərhələsində xüsusi əlamətlər müşahidə olunmur. Xəstəliyə yoluxmaq təhlükəsi immuniteti zəif, xroniki ağciyər, diabet və böyrək çatışmazlığı olan insanlarda daha çoxdur. Virusa qarşı vaksin mövcud deyil.

Dünya Səhiyyə Təşkilatının iyunun 12-nə olan məlumatına görə, MERS-CoV virusuna 1289 nəfərin yoluxduğu qeydə alınıb, 455 nəfər ölüb.


Müəllif: