Hindistanın Mumbay şəhərində keyfiyyətsiz spirtli içkidən zəhərlənərək ölənlərin sayı artıq 53 nəfərə çatıb. Bu barədə yerli polis idarəsinin nümayəndələri məlumat veriblər.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, şəhərin kasıb məhəllələrinin birinin sakinləri iyunun 17-də sağlamlıqlarından şikayət etməyə başlayıblar. İndiyə qədər də onlardan bir çoxu xəstəxanadadır və bəzilərinin vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Hindistanda saxta spirtli içkilər ucuzluğuna görə əhalinin kasıb təbəqələri arasında geniş populyarlığa malikdir. Belə içkinin bir ədədini 1 dollardan da ucuz qiymətə almaq olar. Keyfiyyətsiz içkilərin istifadəsi isə bəzi hallarda kütləvi zəhərlənmələrə gətirib çıxarır.