Yerevanda etiraz aksiyası iştirakçılarının sıraları genişlənir. Ermənistan paytaxtının mərkəzində - Marşal Baqramyan prospektində yerləşən Yazıçılar Evinin qarşısında keçirilən mitinqdə iştirak edənlərin sayı 4 min nəfərədək artıb.
Teleqraf.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu haqda Ermənistan polisindəki mənbə məlumat verib. Nümayişçilər birləşərək şəhərin küçələri ilə hərəkət etməyə başlayıblar. Buna səbəb aksiya iştirakçılarının birinin həbsi barədə məlumat olub. Ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə oturaq aksiyaya başlandığı barədə də xəbərlər yayılıb.
Xatırladaq ki, etiraz dalğasını elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar doğurub. İyunun 19-da Yerevanın mərkəzində başlayan fasiləsiz aksiya dünən səhərə yaxın polis tərəfindən dağıdılmışdı. Aksiyanın 237 iştirakçısı tutularaq polis bölməsinə aparılmış, 18 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı.