28 Avqust 2015 08:33
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB iştirakçısı olan dövlətlərin atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi üzrə komissiyasının növbəti iclası bu ilin noyabr ayında keçiriləcək.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin rəsmi saytına istinadla xəbər verir ki, bu barədə Belarus energetika nazirinin müavini Mixail Mixadyuk avqustun 27-də BELTA-nın mətbuat mərkəzində “Atom energetikasının təhlükəsiz inkişafı və nüvə silahının yayılmaması rejimi bəşəriyyətin gələcəyinin qarantıdır” mövzusunda brifinqdə məlumat verib.

M.Mixadyuk deyib: “Komissiyanın növbəti iclasını Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində, az saflaşdırılmış uran bankının yaradıldığı müəssisənin bazasında keçirməyi nəzərdə tutmuşuq. İclas bu ilin noyabrında keçiriləcək”.

MDB iştirakçısı olan dövlətlərin atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi üzrə komissiyası 1997-ci ilin yanvarında MDB Dövlət Başçıları Şurasının qərarı ilə yaradılıb. Komissiya MDB-nin hökumətlərarası əlaqələndirmə-məsləhət orqanıdır. Onun fəaliyyəti atom energetikasının inkişafı sahəsində çoxşaxəli əməkdaşlıq problemlərinə dair razılaşdırılmış qərarlar hazırlamaq üçün qurum ölkələrinin səylərini əlaqələndirmək məqsədi daşıyır.

Komissiyanın tərkibinə 8 dövlətin - Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ukrayna və Ermənistanın nümayəndələri daxildir.

Hazırda komissiyaya Belarusun energetika nazirinin müavini Mixail Mixadyuk sədrlik edir.


Müəllif: