Türkiyə Hərbi Hava Donanmasına aid qırıcılar Suriyada İŞİD terror təşkilatına aid hədəfləri bombardıman edib. ANS PRESS-in xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin inte4rnet səhifəsində məlumat yayılıb.
Məlumatda bildirilir ki, Türkiyə ABŞ-la ötən gün axşamdan bəri İŞİD-ə qarşı müştərək əməliyyatlara başlayıb və Türkiyə qırıcıları Suriyanın Hələb şəhərinin cənubunda terror təşkilatına aid 7 hədəfi vurub.
“Türkiyə və ABŞ arasında İŞİD-lə mübarizə mövzusunda mövcud əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində qəbul edilən qərarlar barədə ictimaiyyətə məlumat verilmişdi.
Türkiyə Hərbi Hava donanmasının Beynəlxalq koalisiyanın İŞİD-ə qarşı aparılan hərəkat çərçivəsində davam edən hava əməliyyatlarında iştirak etməsinə dair texniki sənəd ABŞ-la 24 avqust 2015-ci ildə imzalanıb.
Qırıcılarımız bu çərçivədə koalisiyaya aid qırıcılarla birlikdə Suriyada müəyyən olunan, ölkəmizin təhlükəsizliyini hədələyən İŞİD hədəflərinə qarşı dünən gecədən etibarən ortaq hava hərəkatı həyata keçirməyə başlayıb.
Terror təşkilatları ilə mübarizə Türkiyə baxımından prioritet milli təhlükəsizlik mövzusudur. Bu istiqamətdə mübarizəmiz qərarlılıqla dvam edəcəkdir.” – deyə nazirliyin bəyanatında bildirilir.