Son aylar Kürd Fəhlə Partiyasının (PKK) törətdiyi çoxsaylı terror aktları Türkiyə hökumətini genişmiqyaslı antiterror əməliyyatları keçirməyə vadar edir. İyulun 21-dən indiyədək məhv edilən terrorçuların sayı min nəfəri ötüb.
Sentyabrın 6-da Haqqari vilayətinin Dağlıca-Yüksəkova yolunda, ondan sonra isə İqdır bölgəsindəki Həsənxan kəndi yaxınlığında PKK tərəfindən yollara basdırılmış partlayıcıların işə salınması nəticəsində çoxlu sayda hərbçi və polisin şəhid olması ölkə ictimaiyyətini ayağa qaldırıb. Sentyabrın 7-8-də ölkənin böyük şəhərlərində PKK-nın dəhşətli əməllərinə qarşı dinc nümayişlər keçirilib. Türkiyə bayrağının dalğalandığı maşın karvanları nümayişçiləri müşayiət edib. Dinc mitinqlərdə PKK əleyhinə, o cümlədən şəhidlərin xatirəsinə ehtiram şüarları səsləndirilib. Küçə və meydanlarda ordu və hüquq mühafizə orqanlarına həmrəylik tədbirləri keçirilib. İnsanlar polis və hərbçilərə olan sevgi və dəstəklərini müxtəlif formalarda nümayiş etdirirlər. Ölkə rəhbərliyi, hökumət üzvləri, tanınmış simalar, o cümlədən siyasi partiya rəhbərləri şəhid ailələrinə baş çəkir, onların kədərlərinə şərik olurlar.
Anadolu Agentliyinin məlumatına görə, Türkiyə PKK ilə mübarizədə beynəlxalq dəstəyini genişləndirməkdədir. Bildirilir ki, BMT-nin baş katibi Pan Gi Mun PKK tərəfindən törədilən terror aktlarını kəskin pisləyib. Almaniyanın Kansleri Angela Merkel və Pakistanın Baş naziri Nəvaz Şərif Türkiyə hökumətinin başçısı Əhməd Davudoğluna telefonla zəng edərək PKK ilə mübarizədə rəsmi Ankaraya dəstək verdiklərini bildiriblər.