Cənubi Sudanın ordu generalına və üsyançıların liderinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qərar layihəsi Rusiya və Anqola tərəfindən bloklanıb, diplomatlar bildirir.
Cənubi Sudan Silahlı Qüvvələrinin baş qərargah rəisi Paul Malong və üsyançı qüvvələrin lideri general Johnson Olony münaqişəni qızışdırmaqda təqsirləndirilirlər. ABŞ bank hesablarının dondurulması ilə yanaşı hər iki nəfərə qarşı viza qadağasının tətbiqini təklif edib.
Qərara etiraz edən Rusiyanın BMT-dəki səfiri deyib ki, ABŞ-ın təklifi vəziyyəti gərginləşdirə bilər, AP agentliyi bildirir. Ötən ay əldə olunmuş sülh razılaşmasına rəğmən Cənubi Sudandakı toqquşmalar səngimək bilmir.
20 ay ərzində davam edən münaqişəyə son qoyan sövdələşmə beynəlxalq və regional qüvvələrin təzyiqi altında imzalanıb. Prezident Salva Kiir və onun sabiq müavini Riek Machar arasında münaqişə 2.2 milyon sakini evlərindən didərgin salıb.
Tərəflər arasında atəşkəs barədə 7 razılaşma əldə olunsa da, onların heç birinə əməl olunmayıb. ABŞ ən sonuncu sülh razılaşmasının yerini yetirilməsi üçün tərəflər üzərinə təzyiqini davam etdirməkdədir. 2011-ci ildə Sudandan ayrılmış Cənubi Sudan dünyanın ən gənc dövlətidir.