Son günlərin prioritet mövzusu olan mühacir böhranından çıxış yolları tapmaq üçün Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyəyə səfər edib.
Nazir səfər öncəsi yerli KİV-ə Türkiyə hökuməti ilə müzakirə edəcəyi məsələlərlə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə qaçqın böhranının və eləcə də Suriya probleminin həllində açar ölkədir. Ankaranın bu istiqamətdə konstruktiv fəaliyyətini təqdirəlayiq hesab edən almaniyalı diplomat son illərdə Türkiyənin təkcə Suriya və İraqdan olan 4 milyon qaçqına sığınacaq verdiyini dilə gətirib.
F.V.Ştaynmayer Türkiyənin miqrantlar üçün geniş tranzit ölkə olduğunu vurğulayıb və miqrant sayını azaltmaq üçün Ankaraya təşkilatı və maliyyə dəstəyinin göstərilməsini vacib sayıb. Almaniyalı nazir əlavə edib ki, Ankara rəsmiləri ilə danışıqlar çərçivəsində miqrasiya siyasətinə dair geniş məsləhətləşmə aparılacaq.