2 Oktyabr 2015 01:12
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada geniş oxucu kütləsinə malik “Eureporter” jurnalının saytında Ermənistanda insan hüquqlarının pozulması hallarının tənqid edildiyi məqalə dərc edilib.

Modern.az -ın məlumatına görə, yazıda 23-24 sentyabr 2015-ci il tarixlərində Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasında Sərhədsiz İnsan Hüquqları təşkilatının rəhbəri Villi Fautre tərəfindən açıqlanan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı hesabata da yer ayrılıb. Hesabatda qeyd edilir ki, müstəqil məhkəmə hakimiyyətinin olmaması ölkədə insan hüquqlarının ümumi vəziyyətinin pisləşməsinin nümunələrindən biridir.
Ermənistan QHT-lərinin qeyd etdiyinə görə vəziyyətin bu həddə çatmasının səbəbi ölkənin 2015-ci ilin əvvəlində Rusiyanın tərkibində olan Avrasiya İqtisadi İttifaqına qoşulmasıdır. Avropa İttifaqı Ermənistan hakimiyyətini baş verən bu hadisələrə səssiz qalmamağa, problemlərin aradan qaldırılması üçün tədbirlər görməyə çağırıb.

Təhlükəli faktlar Ermənistanın insan hüquqları üzrə ombudsmanı, həmçinin iki nüfuzlu beynəlxalq təşkilat - BMT və Venesiya Komissiyası tərəfindən qeydə alınıb.

Ermənistanda insan hüquqlarının durumunun pisləşməsi ilə bağlı narahatlıqlar Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkilatçılığı ilə keçirilən illik iclasda Sərhədsiz İnsan Hüquqları təşkilatı tərəfindən də qeyd olunub. Adıçəkilən təşkilatın direktoru V.Fautre Varşavada çıxışı zamanı Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərə istinadən qeyd edib ki, icra və məhkəmə hakimiyyətləri arasında asılılığın olması sistematik problemləri üzə çıxarır. Əsasən, məhkəmə hakimiyyətinin müstəqil olmaması insan hüquqlarının pozulması hallarının kütləvi hal almasına səbəb olur. V.Fautrenin qeyd etdiyinə görə, eyni zamanda Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması insan hüquqları sahəsində pozulmaların artmasına gətirib çıxarır.

O, qeyd edib ki, Moskva tərəfindən müəyyən edilmiş “Avrasiya dəyərləri” tez bir zamanda Ermənistanda insan hüquqları sahəsində fəaliyyət göstərən “xarici agentlər” adlandırılan hüquq müdafiəçilərinə təsirini göstərib.


Müəllif: