Kremldə belə bir fikirlə razılaşmırlar ki, Rusiyanın Suriyada apardığı əməliyyat onun Türkiyə ilə münasibətlərinə mənfi təsir göstərəcək, çünki Türkiyə ilə Rusiyanın qarşılıqlı əlaqələri davamlı təməl üzərində qurulub və hər iki ölkəyə fayda gətirir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu cür bəyanatla çıxış edərək bildirib ki, Türkiyə ilə Rusiyanın münasibətləri kompleks xarakter daşıyır və bu münasibətlərin yetərincə möhkəm əsası vardır.
D.Peskov təsdiqləyib ki, Türkiyənin Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfirini nazirliyə çağırıb, orada ona RF hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə tərəfindən Türkiyənin hava sərhədinin pozulması ilə əlaqədar etiraz notası təqdim edilib. Türkiyə tərəfinin verdiyi məlumata görə, bu hadisə oktyabrın 3-də baş verib. Prezident V.Putinin mətbuat katibi deyib: “Orada müəyyən faktlar göstərilir, həmin faktlar yoxlanılacaq”.