Qazaxıstanda kriminal avtoritet Bondo Sturuanın (Bondo Qazaxıstanlı) məhkəmə prosesi keçirilir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, həbsxanalarda məhbuslardan zorla külli miqdarda pul yığmaqda ittiham edilir. Hələlik zərərçəkmiş qismində 3 məhbusun ifadəsi alınıb. Digər məhbuslar isə etiraf etməyə tələsmirlər. Bildirilir ki, Bondo hər məhbusdan 10 min dollar pul tələb edib. Pulu verməyən şəxslər isə müxtəlif problemlərlə qarşılaşıb və döyülüblər. Bütün bunlar isə həbsxanada saxlanılan gizli agentlər tərəfindən aşkar edilib. Həmçinin həbsxanaya gətirilən bütün pulların Bondonun əlindən keçdiyi məlum olub.
Məlumatlara görə, Bondo bu işləri digər kriminal avtoritetlər Darxan Xasehov, Kanat Arımbekov, Bayram İsmayılov, Qoqit Arviladze, Bəxtiyar Əliməhəmmədov, Əhməd Kalmaşev, Aram Stepanyan və Adrey Li ilə birlikdə həyata keçirib. 39 yaşlı Andrey Li Bondonun rəhbərlik etdiyi dəstənin tərkibində Karaqanda zonası üzrə nəzarətçi funksiyasını yerinə yetirib.
Bondonun "tac qoyma" mərasimi 2013-cü ildə gürcüstanlı "vor zakonlar" tərəfindən Antaliyada təşkil olunub. "Sxodka" zamanı Bondoya Qazaxıstandakı kaloniyalara və kriminal aləmə nəzarət etmək tapşırılıb. Baxmayaraq ki, Bordo Gürcüstan vətəndaşı idi və Qazaxıstanda kifayət qədər kriminal avtoritet olub. O, burada bir neçə dəfə həbs olunub.
Sonuncu dəfə isə o, digər "vor zakon" David Canqidze ilə birlikdə 2014-cü ilin qışında Moskva aeroportunda saxlanılıb. Onların saxlanılmasına səbəb isə saxta sənədlər olub. Bondo Qazaxıstana ekstradisiya olunub. Burada dərhal həbs edilib və istintaq təcridxanasında saxlanılıb.
Bu müddətdə Bondo internet vasitəsi ilə digər qruplaşmaları idarə edib və "vor zakon"lara lazımi tapşırıqlar verib. Məsələ ilə bağlı Bordoya yaxından kömək edən təcridxananın 18 əməkdaşı da yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq.
Samir