Avropa İttifaqı (Aİ) sosial şəraitin yaxşılaşdırılması məqsədilə Əlcəzair, Mərakeş, Livan və İordaniyaya ümumilikdə 365,5 milyon avro maliyyə yardımı göstərəcək.
Bu barədə Avropa Komissiyası məlumat yayıb. Bildirilir ki, 365,5 milyon avronun 237 milyonu həmin ölkələrdə özəl sektoru dəstəkləmək üçün istifadə ediləcək. Bu vəsaitlə yeni iş imkanları yaradılacaq, peşə təhsili veriləcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına dəstək göstəriləcək. 100 milyon avro isə səhiyyə xidmətləri və yoxsulluqla mübarizə sahələrində əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək.
Qalan 28,5 milyon avro isə Əlcəzair, Mərakeş və Livanda qeyri-hökumət və mühakimə sistemi kimi sahələrdə yerli islahatları dəstəkləməyə yönəldiləcək.
Bu vəsaitdən Əlcəzair 25 milyon, Mərakeş 180,5 milyon, Livan 25 milyon və İordaniya isə 135 milyon avro alacaq.