Danimarkada keçirilmiş referendumda vətəndaşlar Avropa İttifaqı (Aİ) ilə daha sıx əməkdaşlıq imkanlarına etirazlarını bildiriblər.
Bu məlumatı referendumun nəticələri təsdiqləyir. Danimarkalıların 53,1 faizi ölkədə Aİ-nin hüquq və daxili işlər üzrə qaydalarının tətbiq edilməsinin əleyhinə, 46,9 faizi isə lehinə səs verib.
Referendum keçirilməsi barədə qərarı bu ilin yayında Danimarkanın hakimiyyətdə olan Liberal Partiya Koalisiyasının rəhbəri Lars Lökke Rasmussen verib. Hökumətin başçısı Avropa İttifaqı ilə daha sıx qarşılıqlı hüquqi münasibət yaratmaq istəyirdi.
Məsələ ondadır ki, 1992-ci il Maastrixt sazişinə əsasən, Danimarka Avropa İttifaqına daxil olarkən ölkənin müdafiə, hüquq və daxili işlər sahələrini ümumavropa siyasətindən kənar saxlamağa nail olub. Ölkə avro əvəzinə Danimarka kronunu da saxlayıb.
Danimarka siyasətçiləri referendumu keçirməklə hüquq və daxili işlər sahələrində olan istisnanı aradan qaldırmaq istəyiblər. Çünki bu, Danimarkaya Aİ-nin polis xidməti işində tam iştirak etməyə imkan vermir. Məsələn, ölkə mütəşəkkil beynəlxalq cinayətkarlıq, narkotik ticarəti, silah və insan alverinə qarşı uğurlu mübarizə aparmaq məqsədilə informasiya mübadiləsi apara bilmir.
Baş nazir Lars Lökke Rasmussen referendumun nəticələri ilə bağlı deyib: “Bu, qəti yox deməkdir”. O, elektoratın qərarına böyük hörmət bəslədiyini də bildirib.