Türkiyə hərbi gəmisinin Rusiyanın "Çernomorneftqaz" şirkətinin dənizdə buruq quraşdırmasına maneə törətməsi ilə bağlı iddialara rəsmi Ankaradan cavab gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, Rusiyanın iddiaları şişirtmə və yalandır: "Rus döyüş gəmisidən türk balıqçılarının olduğu qayığa xəbərdarlıq atəşi açılıb. Rusiya hərbi gəmisinin reaksiyası şişirdilib. Rusiya və Türkiyə əvvəlki etibarlı münasibətləri bərpa etməlidir. Biz gərginlik yaratmaq üçün deyil, gərginliyi danışıqlar yolu ilə aradan qaldırmaq üçün çalışırıq. Su-24 qırıcısı ilə bağlı bağlı hadisədən sonra bütün atdığımız addımlar buna yönəlib. Ancaq bizim səbrimizin də həddi var".
Bu arada, hadisə ilə əlaqədar Rusiya müdafiə nazirinin müavini Anali Antonov Türkiyənin Rusiyadakı səfirliyinin hərbi attaşesini nazirliyə çağırıb.
Qeyd edək ki, iddialara görə, Türkiyəyə məxsus gəmisinin Rusiya ərazi suları daxilində "Çernomorneftqaz" şirkətinin buruq quraşdırmasına maneə törətməyə çalışıb. Gəmi karvanının keçdiyi ərazidə Türkiyə bayrağı ilə üzən sərnişin gəmisi peyda olub. Türk gəmisi beynəxalq qaydaları pozaraq, karvana yol verməyib və qarşı tərəfə keçərək, qəza şəraiti yaradıb. Sərnişin gəmisi çağırışlara cavab verməyib.
Samir