2 Fevral 2016 09:27
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda fəaliyyət göstərən ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən biri olan Atlantik Şuranın fevralın 1-də təşkil etdiyi tədbirdə “Qara dəniz regionu və ətraf bölgələr üzrə Qərbin enerji strategiyasının hazırlanması” başlıqlı tədbirdə Avropanın enerji təhlükəsizliyindən bəhs edilib və bu mənada xüsusilə “Cənub Qaz Dəhlizi” müzakirələrin diqqət mərkəzində olub.


Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbir zamanı “Cənub Qaz Dəhlizi”nin yaxın gələcəkdə Avropa qitəsinin qaz təchizatının diversifikasiyasına real surətdə töhfə verə biləcək əsas layihə olduğu vurğulanıb və həmin təşəbbüsün həyata keçirilməsini şərtləndirən mühüm amillərdən biri kimi iştirakçı ölkə və şirkətlərin nümayiş etdirdikləri qətiyyətli iradə qeyd edilib.


Atlantik Şuranın Dinu Patrisiu adına Avrasiya Mərkəzinin direktoru səfir Con Herbstin açılış nitqinin ardınca tədbirdə məruzə ilə çıxış edən natiqlər arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da olub. Azərbaycan diplomatı ölkəmizin fəal iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında söz açıb və bu zaman “Cənub Qaz Dəhlizi”nin daşıdığı regional əhəmiyyətin üzərində ayrıca dayanıb. O, unikal xarakterə malik bu layihənin ərsəyə gəlməsi üçün 7 ölkə və 11 şirkətin öz səylərini birləşdirdiklərini xatırladıb və onlar arasında mövcud olan möhkəm tərəfdaşlıq sayəsində bu günədək planlaşdırılan işlərin bir çox hallarda hətta qrafikdən öncə irəlilədiyini bəyan edib.


Səfir “Cənub Qaz Dəhlizi”nin hər hansı ölkə, şirkət və ya digər bir layihəyə qarşı yönəlmədiyini və yalnız mövcud qaydalara uyğun şəkildə, Azərbaycan qazını Avropa enerji bazarına çatdırmaq və Avropanın enerji təhlükəsizliyinə töhfə vermək missiyasına xidmət etdiyini bəyan edib. Azərbaycan rəsmisi eləcə də “Cənub Qaz Dəhlizi”nin keçdiyi ölkələr arasında daha möhkəm bağların yaranması və daha geniş əməkdaşlığı stimul etdiyini qeyd edin. Bu mənada, Avropa və Asiya arasında nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün inşa edilən infrastruktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə istinad olunub. Səfir həmçinin bir neçə gün öncə Ukraynadan yola salınmış qatarın Azərbaycandan keçməklə, Çinə üz tutması faktını açıqlayıb və enerji ilə yanaşı Azərbaycanın beynəlxalq tranzit potensialını tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Tədbirin başlığı ilə eyni adlı hesabatın müəllifi olan, Atlantik Şuranın qeyri-rezident tədqiqatçısı Aryel Koen də öz məruzəsində “Cənub Qaz Dəhlizi”ni yaxın gələcəkdə Avropalı istehlakçılara yeni mənbədən qaz çatdıracaq yeganə layihə kimi xarakterizə edib. O, adları çəkilən bir çox layihələrdən fərqli olaraq, “Cənub Qaz Dəhlizi”nin konkret olaraq inşa edilməkdə olduğunu vurğulayıb.


Natiqlər arasında olmuş Türkiyənin ABŞ-dakı səfirinin müavini Tuqay Tunçer də “Cənub Qaz Dəhlizi” ilə bağlı oxşar fikirləri bölüşərək, onun digər layihələrlə müqayisə edilməyəcək bir mərhələyə yetişdiyini göstərib. Digər bir çıxışçı, “Frontera Resources” korporasiyasının təsisçisi Stiv Nikandros Azərbaycanın iştirakı ilə qurulmuş enerji infrastrukturunun regiona yeni sərmayəçilər cəlb etmək və nəticə etibarilə, regionu transformasiya etmək iqtidarında olduğunu söyləyib./APA


Müəllif:

Oxşar xəbərlər