Birləşmiş Ərəb Əmirlikləri Suriyaya xüsusi təyinatlı dəstələrini göndərməyə qərar verib. Anspress xəbər verir ki, bu barədə Pentaqonunun başçısı Eşton Karter xəbər verib.
Onun sözlərinə görə, BƏƏ-nin xüsusi bölməsinin göndərilməsi koalisiya qüvvələrinə dəstək üçün nəzərdə tutulub. Onlar Rakka şəhərini İŞİD terror qruplaşmasından qaytarmağa kömək edəcək.
"Biz Suriyada Rakka şəhərini İŞİD terror qruplaşmasından almaq istəyən ərəb-sünnilərə dəstək olacağıq", - deyə Karter bildirib.
Pentaqonun başçısı bu barədə bəyanatı Brüsseldə keçirilən BƏƏ müdafiə naziri ilə görüşdən sonra edib. Bir qədər əvvəl Karter həmçinin Səudiyyə Ərəbistanın yerüstü əməliyyatlara qoşulacağını bildirmişdi.
Bir müddət əvvəl xəbər yayılmışdı ki, Səudiyyə Ərəbistanı İŞİD terror qruplaşmasına qarşı quruda döyüş əməliyyatına başlaya bilər. Bu məqsədlə Səudiyyə Ərəbistanı Suriyaya min nəfər hərbiçisini göndərmək fikrindədir.
Britaniyanın “The Guardian” qəzetinin yazdığına görə, İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatları Səudiyyə Ərəbistanı Türkiyə ilə birgə keçirə bilər.
Nəşr qeyd edir ki, rəsmi Ər-Riyad və Ankara Suriya prezidenti Bəşər Əsəd rejimini dəstəkləmirlər və Suriyada böhranın siyasi yolla nizama salına biləcəyinə inanmırlar.
Daha əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter də Səudiyyə Ərəbistanının Suriyada yerüstü əməliyyata başlamaq təşəbbüsünü müzakirə etməyə hazır olduğunu bildirib.