Çin Xalq Respublikası rəhbərliyi 2016-cı il üçün müdafiə xərclərini 7,6 faiz artıraraq, 954 milyard yuana (təxminən 146 milyard ABŞ dolları) çatdırmağı düşünür. Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyan martın 5-də Pekində Ümumçin Xalq Nümayəndələri Yığıncağının (ÜXNY) açılış sessiyasında bu barədə açıqlama verib.
Cari il üçün nəzərdə tutulan 7,6 faizlik artım son altı ilin ən aşağı göstəricisidir. 2011-2015-ci illərdə ölkənin müdafiə xərclərinin artım faizi ikirəqəmli olmuşdu. Bununla belə, Çin müdafiə büdcəsinin məbləğinə görə yalnız ABŞ-dan geri qalır. Xatırladaq ki, ötən ilin sentyabrında ÇXR Sədri Si Cinpin orduda islahatların başlayacağını, bu çərçivədə silahlı qüvvələrin şəxsi heyət sayının 300 min nəfər azaldılacağını bəyan etmişdi. Bu ilin yanvarından Çin ordusunda irimiqyaslı islahatların icrasına başlanılıb.