Yaponiyanın Baş naziri Şinzo Abe bəyan edib ki, milli təhlükəsizliklə bağlı gələn həftə qüvvəyə minəcək qanunları ləğv etmək niyyətində deyil.
Bu bəyanat martın 23-də parlamentin yuxarı palatasının komitə iclasında qeyd edilən qanunların ləğvi ilə əlaqədar Demokratik Partiyanın təqdim etdiyi qanun layihələri ilə bağlı müzakirələrin aparılması barədə tələbinə cavab olaraq səsləndirilib.
Ş.Abe vurğulayıb ki, ötən ilin sentyabrında parlament tərəfindən təsdiq olunmuş qanunlar ölkə əhalisinin həyatını və sülhü qorumaq üçün ən yaxşı vasitədir.
Bu qanunlar Yaponiyaya kollektiv təhlükəsizlik hüququndan istifadə etməyə və özünümüdafiə qüvvələrinin rolunu genişləndirməyə imkan yaradır.
Bundan əlavə, Baş nazir qeyd edib ki, indiki məqamda qanunvericiliyin dəyişdirilməsi Yaponiya ilə ABŞ arasında möhkəmlənən müttəfiqlik əlaqələrinə və milli təhlükəsizliyə ciddi ziyan vura bilər. (Azərtac)