İranda azərbaycanlıların milli kimliyi uğrunda apardığı dinc mübarizəsinə görə hazırda məhbus həyatı yaşayan tanınmış fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com-un Güney Azərbaycan mənbələrinə istinadən yaydığı məlumata görə, Rüqəyyə Əlizadə məhbus yoldaşına görə ona və uşaqlarına göstərilən ağır psixoloji təzyiqlər nəticəsində səhhətində yaranan nasazlığa görə aprelin 10-da həkimə müraciət edib və səhhətinin ağırlığını nəzərə alaraq həkimin məsləhəti ilə xəstəxanaya yerləşdirilib.
Hökumətin təhlükəsizlik qüvvələrinin ardıcıl göstərdiyi təzyiq və təhdidlərə görə, onun beyin infarktı keçirdiyi ehtimal edilir.
Rüqəyyə Əlizadə yoldaşı Abbas Lisani həbsə salınandan sonra dəfələrlə ETTELAAT-ın Ərdəbildəki idarəsinə çağırılaraq təzyiq və təhdid altında sorğu-suala tutulub, psixoloji təzyiq və işgəncəyə məruz qoyulub. Hazırda onun səhhətinin ağır olduğu bildirilir.
Abbas Lisani 2011-ci ildə Urmiya gölünün qurudulmasına qarşı etirazlara qatıldığına görə İnqilab Məhkəməsi tərəfindən sistemə qarşı təbliğat aparmaqda və radikal millətçi qruplrla əməkdaşlıqda təqsirli bilinərək 1 illik həbs cəzasına məhkum edilib. Fəal əvvəlcə Ərdəbil zindanına salınsa da, sonradan Şirazın Adilabad həbsxanasına köçürülüb.
Bəkir