Aprelin 14-də İstanbulda işə başlayan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü zirvə görüşü o qədər də sakit keçməyib.
Sammitin bəzi maraqlı məqamları haqda "Əl-Cəzirə" tele-kanalı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, "İran-Səudiyyə krizi" başlıqlı xəbərdə zirvə görüşünün bəyannamə layihəsinin mətnindəki bəzi maddələrə İranın etiraz etdiyi bildirilir. Həmin maddələrin sayı 5-dir.
İran xarici işlər naziri Cavad Zərifin etirazla qarşıladığı maddələrdən biri Səudiyyə Ərəbistanının Tehran və Məşhəd şəhərindəki diplolatik nümayəndəliyinə təzyiqlərin pislənməsidir.
Bundan başqa, Səudiyyə Ərəbistanında edam hökmlərinə İrandakı etirazlar yolverilməz sayılır, İranın Bəhreyn, Yəmən, Suriya və Somali kimi ölkələrinin, eləcə də İƏT üzvü olan dövlətlərin daxili işlərinə qarışması qınanır.
Məhz bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aralarında İran dövlət başçısı Ruhanı və Səudiyyə Kralı Salmanın da olduğu liderlərə "məzhəbçilik fitnədir" deyə müraciət edib.
Daha bir məlumat zirvə görüşündə Misir təmsilçisinin davranışı haqdadır.
İƏT sədrliyinin Misirdən Türkiyəyə keçdiyi bu sammitdə gözlənilənlərin əksinə olaraq, həmin ölkənin prezidenti Şişi İstanbula gəlməyib.
Onu əvəz edən xarici işlər naziri Şükri isə çıxışını Misir prezidenti adından etdiyini bildirib, mətni oxuyandan sonra dərhal tədbiri tərk edib.
Bu, onun Ərdoğana qulaq asmaq istəməməsi kimi yozulur.
Mahir