Ekvadorda 7.8 bal gücündə zəlzələ nəticəsində həlak olmuş insanların sayı 233-ə çatıb, xilasedicilər deyirlər.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 10 min qoşun və 3500 polisin qoşulduğu xilasetmə işləri ən çox zərər çəkmiş ərazilərdə aparılır.
Hələlik 500 nəfərin yaralanması barədə məlumat var. Hadisə şənbə günündən bazar gününə keçən gecə Bakı vaxtilə 03.58-də ölkənin şimalında yerləşən Muisne-də baş verib.
Bu, Ekvadorda 1979-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir. Rəsmilər deyir ki, ölkənin Sakit okean sahilləri zəlzələ episentrinə yaxın yerləşdiyindən ölüm sayının çox olması gözlənilir.
Dağıntıların həddən artıq çox olması səbəbilə prezident Rafael Correa Ekvadorda fövqəladə vəziyyət elan edib. "Bu, ağrılı sınaqdır. Ölkəni səbirli olmağa və birləşməyə çağırıram.. Gəlin güclü olaq, bunun öhdəsindən gələcəyik."
O həmçinin əlavə edib ki, yollar və xəstəxanalar bərpa edilə bilər, amma itmiş həyatları qaytarmaq mümkün deyil, ən çətini elə budur. Əsas zəlzələdən başqa şok titrəyişlər də olub, bunlardan ən böyüyü 5.4 bal gücə malik olub.
Sakit okean Sunami Mərkəzi bildirib ki, sunami təhlükəsi əsasən keçsə də, risklər qalır.