18 Aprel 2016 17:56
1 588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və şəxsən prezident Vladimir Putin yaxın günlərdə başlanması gözlənilən Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda tərəflərin kompromis əldə etməsi üçün fəal şəkildə çalışacaq.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Rusiyanın “İzvestiya” qəzeti diplomatik çevrələrindəki qaynağa istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, rusiyalı lider hər iki tərəfi kompromislərin zəruriliyinə inandırmağa səy göstərəcək: "Qoşunların təmas xəttində gərginliyin aradan qaldırılmasına gəldikdə isə tərəflər güzəştə getməyə hazır deyil. Atəşin dayandırılması məsələsində tərəflər dialoqlara hazır olduqlarını deyirlər. Lakin ərazi məsələsi gündəmə gəldikdə dərhal qarşılıqlı iddialar yada düşür. Qarşıdan ağır danışıqlar gəlir və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq".

Mənbə əlavə edib ki, Rusiyanın həll planı Azərbaycana ərazilərinin bir hissəsini qaytarmaqdan, münaqişə zonasına sülhməramlıları yeritməkdən, qaçqınları yaşadığı bölgələrə qaytarmaqdan və Dağlıq Qarabağı legitimləşdirməkdən ibarətdir. Rusiya gərginlik azaldıqda isə regionda referendum keçirmək niyyətindədir. Ancaq tərəflər referendumun nəticələrindən əmin olmadığından bu planla razılaşmaq istəmir.

Ekspertlərin fikrincə, hazırki vəziyyətdə hər hansı ümid azdır. Söhbət Qarabağdakı gərginliyi aradan qaldırmaq və gələcəkdə konstruktiv dialoq üçün zəmin yaratmaqdan gedir.

MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Dmitri Madoyev deyib ki, Qarabağ münaqişəsinin hərb yolu ilə həlli qeyri-mümkündür, ancaq danışıqlar da asan olmayacaq: "Hazırda hansısa dönüşün olacağı gözlənilən deyil. Ümid edirik ki, intensiv diplomatiya öz nəticələrini verəcək. Tərəflər qeyri-müəyyənlikdən yorulublar, daimi təhlükə isə heç kimə lazım olmayan gərginlik yaradır".

Rusiyanın bu münaqişənin həllindəki rolundan danışan politoloq qeyd edib ki, Bakı və İrəvanın Moskva ilə yaxşı münasibətlər saxladığını nəzərə alsaq, Rusiyanın vasitəçiliyi effektli ola bilər: "Azərbaycan və Ermənistan Rusiyanın strateji tərəfdaşlarıdır və Moskva bu münaqişənin həllindəki bütün mərhələlərdə əlindən gələni edir".

Samir


Müəllif:

Oxşar xəbərlər