8 May 23:14
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni kilsəsi bir neçə din xadiminə görə öz tarixinin biabırçı səhifələrindən birini yazır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.

“Bu, dövlət və dövlətçiliyə, Ermənistanın suverenliyinə qarşı mübarizədir. Dövlətə qarşı bu hücum uğur qazanmayacaq, amma Eçmiədzin kilsəsində nə qədər insanın öz xalqını aldadaraq, çaşdırmağa, dövlət əleyhinə siyasət aparmağa görə mənəvi məsuliyyət daşımağa hazır olması başqa sualdır”, - ölkə rəsmisi bildirib.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da, kilsə xadimlərinin Tanrının adını siyasi kapitala çevirdiklərini söyləyib.

Politoloq Vahan Vardapetyan erməni kilsəsini dövlət və suverenliyə qarşı qəsddə və casusluqda ittiham edib:

“Dövlətçiliyə və suverenliyə qarşı hər bir qəsdi, sarsıntı və toqquşmalara səbəb olan hər bir söz və çağırış, addım və yürüşləri qətiyyətlə rədd edir və pisləyirəm. Kənardan qidalanan və idarə olunan keçmiş və indiki din xadimləri (daha doğrusu, alətlər) Rusiya hakimiyyətini nəyin bahasına olur-olsun, gücləndirmək və Ermənistanı vassala çevirməyə çalışırlar”.

Vardapetyan dövlət əleyhinə çıxan kilsə xadimlərini “cahil, məsuliyyətsiz, nüfuzdan düşmüş və səriştəsiz, təhlükəli, şübhəli, öz mənfəətlərini güdən xarici agentlər” adlandırıb: “Erməni kilsəsinin öz missiyasından kənara çıxması, dövlətçilik və suverenliyə qarşı siyasi mübarizə statusu alması yolverilməzdir və pislənilməlidir”.

“Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyan da, kilsəni Rusiya ilə işbirliyində ittiham edib:

“Rusiyaya əbədi və qeyd-şərtsiz sədaqət ifadə etməkdən başqa, bu adamlar və qüvvələr nə vaxtsa başqa hansı ideyanı dilə gətiriblər?”.

Mayın 4-də Tavuşdan başlayan təxribatçı yürüşə keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Delimitasiya prosesinə etiraz edən təxribatçılar hakimiyyətin dəyişdirilməsi ilə bağlı şüarlar da səsləndirirlər. Təxribatın təşkilatçısı sabiq prezident, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokudur, ölkənin baş keşişi II Qaregin də revanşistlərə xeyir-dua verib.

Azsaylı yürüşün iştirakçıları mayın 9-da İrəvana çatmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu