"Biz birgə səylərlə "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı süni gecikdirmələrin qarşısını almalıyıq".
Teleqraf.com-un məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 23-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün nazirlər səviyyəsində üçüncü toplantıda biz artıq əmin ola bilərik ki, heç bir maneə bu layihənin həyata keçirilməsinin qarşısını ala bilməz. Layihənin icrası ilə bağlı sizə təqdim etdiyim rəqəmlər bizim layihənin icrasının yekun mərhələsində olduğumuzu nümayiş etdirir. Buna baxmayaraq, biz birgə səylərlə bu layihənin icrasının müəyyən seqmentləri üzrə süni gecikdirmələrin qarşısını almalıyıq və əminəm ki, bu mövzu burada ətraflı müzakirə olunacaqdır. Bilirik ki, burada müəyyən müdaxilə və kənardan təzyiq halları olacaq. Müəyyən ekoloji və digər bəhanələr ortaya atılacaq. Ancaq burada biz reallığı nəzərə almalıyıq”.
İlham Əliyevin sözlərinə görə, reallıq isə ondan ibarətdir ki, Azərbaycanın tərəfdaşları, ölkəmizin strateji tərəfdaşı və bizim bütün neft və qaz layihələrimizin operatoru olan BP şirkəti ilə birlikdə həyata keçirdiyi heç bir layihə ilə bağlı, istər Azərbaycanda, istərsə də buradan başlayan nəqletmə marşrutu boyu hər hansı bir ekoloji problem baş verməyib:
“Yadımdadır ki, biz Bakı-Tbilisi-Ceyhan kəmərini inşa edəndə də layihənin icrasının əleyhinə olan müəyyən dairələrin sponsorluğu ilə “Bakı-Tbilisi-Ceyhan kampaniyası” adlanan kampaniya başlanılmışdır. Onlar həmin layihənin nüfuzdan salınması üçün geniş fəaliyyətə başladılar. Layihəni regionun ekoloji fəlakəti adlandırdılar. Təəssüf ki, o zaman bəzi maliyyə qurumları da prosesi ləngitdilər. Ancaq Bakı-Tbilisi-Ceyhan artıq 11 ildir ki, fəaliyyət göstərir və o zamandan bəri burada xırda narahatlıq belə doğuracaq epizod olmamışdır. Bizim BP və digər tərəfdaşlarımızla həyata keçirdiyimiz bütün layihələr ən yüksək ekoloji standartlara cavab verir. Bu səbəbdən eşidəndə ki, yenidən Cənub Qaz Dəhlizi və onun hansısa seqmenti ilə bağlı kimlərdəsə və haradasa narahatlıq var, biz dərhal 10 il bundan əvvəl baş verənləri xatırladıq. Həmin ssenari, həmin üsul və əminəm ki, nəticəsi də elə həmin cür olacaqdır. Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq. Burada yeganə itirə biləcəyimiz zamandır. Biz isə nəyə görə vaxt itirməliyik? Vaxt pul deməkdir. Biz bu layihəni vaxtında icra etməliyik. Dediyim kimi, layihənin bütün seqmentləri – “Şahdəniz-2”, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP paralel şəkildə icra olunmalıdır”.