12:05
Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
Teleqraf.com xəbər verir ki, iclasda Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirə edilir.
Spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb:
"2017-ci ildə iqtisadiyyat sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı iqtisadi siyasəti yüksək qiymətləndirib. Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib və 35-ci yerə yüksəlib.
Ötən il iqtisadiyyatımızıda növbəti uğurlu addım Azəri-Çıraq yatağının istifadə müddətinin uzadılması, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsidir. İtiqsadiyyatın şaxələndirilməsi, qeyri-neft seçtorunun inkişafı da ötən il üçün xarakterik haldır. Büdcədə qeyri-neft sektorunun payı artıb”.
Spiker onu da vurğulayıb ki, ötən il Milli Məclisdə parlamnetarilər tərəfindən səsləndirilən təkliflər nəzərə alınıb.
***
Ermənistan Azərbaycan münaqişəsinin həllində müsbət nəticəyə nail olmamışıq. Dövlət başçısı hamımız üçün ağır olan bu məsələni daim nəzarətdə saxlayır.
Bu sözləri Baş nazir Artur Rəsizadə Milli Məclisdə hesabat çıxışı zamanı deyib.
O bildirib ki, münaqişənin sülh yolu ilə yanaşı müharibə yolu ilə həlli məsələsi də diqqətdə saxlanılır:
“Buna görə görə hərbi hazırlığın artırılması üçün ayrılan vəsaitin həcmi artırılıb. Müdafiə sənayesinə ayrılan vəsait 13.5 dəfə artırılıb. Bu gün hərb sahəsində ölkəmizdə istehsal edilən bir sıra məhsullar xaricə ixrac edilir”.
***
Son 14 ildə ümumi daxili məhsul 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əmək haqqı 6,8 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb.
Bunu baş nazir Artur Rəsizadə Milli Məclisdə Nazirlər Kabinetinin 2017-ci il də fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Baş nazir bildirib ki, bu müddət ərzində 1 milyon 900 mindən çox yeni iş yerləri açılıb:
“Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, dövlət sosial müdafiə fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib. Ötən il Əsrin müqaviləsi üzrə xarici tərəfdaşlarla birgə danışıqlar yekunlaşıb və Azərbaycan üçün sərfəli olan saziş 2050-ci ilə qədər uzadılıb.
Son 14 ildə əhalinin təbii qazla təbin edilməsi kimi sosial problemin həlli istiqamətində də işlər görülüb. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 51 faizdən 93 faizə yüksəldilib. Əhalinin elektrik enerji ilə təminatı siyasətimizin əsas priroriteti olub, yeni stansiyalar istifadəyə verilib, 50 min km-ə qədər elektrik xətti çəkilib.
Ənənəvi sənaye sahələri ilə yanaşı yeni sənaye sahələri də yaradılıb, qeyri-neft sektorunun inkişafı üçün sənaye parkları, yeni komplekslər yaradılıb. Son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələr istifadə verilib. Dövlət başçısı ölkənin ərzaq təhlükəsizliyini təmin edilməsini ölkənin əsas prioritet hədəflərindən birinə çevirib. Ərzaq təhlükəsizliyi ilə bağlı dövlət proqramı qəbul edilib.
Son 14 ildə görülmüş işlər effekt verib. Taxıl, pambıq, yumurta və digər kənd təssərüfatı məhsullarının istehsalı artıb. 2004-2017-ci illərdə 1960 subartezian quyusu qazılıb. Bu sahəyə 4.3 milyon manat vəsait cəlb edilib”.
***
Sevindirici haldır ki, ötən il iqtisadiyyatın daralması halı azaldı. Hətta 0.1 faizlik artım qeydə alındı.
Bu sözləri millət vəkili Əli Məsimli hökümətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili ötən il manatın nisbi sabitliyinin bərpa edilməsinin də uğurlu hal olduğunu bildirib:
“İki illik fasilədən sonra tədiyyə balansında artım qeydə alındı. Lakin bununla yanaşı iqtisadiyyatda bəzi mənfi meyylər də qalmaqdadır. Əsasən, bank sahəsində problemlər qalmaqdadır. Hesab edirəm ki, bank sisteminin sağlamlaşdırılması 2018-ci ildə həyata keçirilməlidir. Bankların yüksək faizlə qazanmasının perspektivi olmadığına görə onlar daha perspektivli sahələrin maliyyələşdirilməsinə keçməlidir. Problemli kreditlərlə bağlı məsələni həll etmədən bank sistemini sağlamlaşdırmaq mümkün deyil. Bununla bağlı təklifləri müvafiq qurumlara göndərmişik. Təkliflər ağırlığın bir neçə qrup arasında bölüşdürülməsi qeyd edilib. Bu il sosial proseslərin tənzimlənməsi, 6 faizdən yuxarı inflyasiyaya imkan verməmək üçün aidiyyatı qurumlar addım atmalıdır. Dövlət başçısı tərəfindən maaşların artırılması müsbət haldır. Hesab edirəm ki, bu artımlardan sonra təhsil haqqı və digər sahələrdə süni qiymət artımının olmaması da vacibdir”.
***
Son vaxtlar şəhərin mərkəzində yeni hündürmərtəbəli binaların tikilməsi paytaxtın tixac problemini artıracaq. Buna görə də mərkəzdə bu binaların tikintisinə məhdudiyyət qoyulmasını təklif edirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Azər Badamov hökümətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili onu da vurğulayıb ki, müstəqillikdən sonra Bakıda əhalinin sayı 3 dəfə artıb,lakin paytaxtın ərazisi genişlənməyib: “Təklif edirəm ki, mərkəzdə sıxlığı azaltmaq üçün şəhər ətrafında yeni yaşayış massivləri salınsın, mərkəzdə hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulsun. Bununla şəhərin ərazisi böyüyər və tıxac problem də yaşanmaz”.
***
Ölkədəki sabitlik qanedici olsa da, sakitlik məni narahat edir. Hesab edirəm ki, xaricdə yaşayan bəzi şəxslərin ölkəmizə qarşı səsləndirdiyi fikirlər hər birimizi narahat etməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu hücumlara hər bir vətəndaş münasibət bildirməlidir: “Bu mənada ilk növbədə Hacı Allahşükür Paşazadəyə müraciət edirəm. Düzdür, din dövlətdən ayrıdır, lakin Şeyx hər zaman dövlətin siyasətini müdafiə edir. Ulu öndər də bir sıra məqamlarda Şeyxi müdafiə edib. Şeyx başda olmaqda bütün din xadimlərimizi ölkəmizə qarşı xaricdən səslənən bəyanatlara münasibət bildirməyə çağırıram. Sənət adamlarını bu mövzuda sakit durmamağa, mövqe nümayiş etdirməyə səsləyirəm. Düşünməyin ki, bu hücümlara cavab vermək sadəcə, hakim partiya, ya da sosial şəbəkədəki aktiv insanların işidir. Hər birimiz vətəndaş mövqeyimizi ortaya qoymalıyıq”.
***
Hökümətin hesabatının forma və məzmunu dəyişməlidir. Hesabatda ayrı-ayrı sahələr üzrə hədəf göstəriciləri də göstərilməlidir. Yalnız bu zaman nəticə əsaslı ola bilər.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Faizl Mustafa Milli Məclisdə hökümətin 2017-ci il üçün hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili vurğulayıb ki, inkişaf vurulanmaqla yanaşı tənqidlər də səsləndirilməlidir ki, bu problemlər aradan qaldırılsın:
“Bundan başqa, deputatların təklifləri bəzi hallarda ya cavabsız qalır, ya da uyğun cavab verilmir. Məsələn, ötən il nazirliklərin təmiri ilə bağlı ayrılan 10 milyon manat vəsaitlə bağlı sualımıza adekvat cavab verilməyib. Əgər 10 milyon böyük rəqəm deyilsə, bunu məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirməliyik. Bu gün hərbiçilərin evində belə məcburi köçkünlər yaşayır. Biz müharibə şəraitində yaşayan ölkəyik, məcburi köçkünlərin hamısı mənzillə təmin edilməlidir ki, hərbiçilərimizin də mənzil problem həll edilsin”.
Millət vəkili təhsil və səhiyyə işçiləri arasında maaş məsələsində kəskin fərq olmasının da narahatedici məqam olduğunu deyib: “Bu iki sosial sahə arasında fərq olması doğru deyil. Bunun ağır nəticəsini vətəndaş çəkir. Bundan başqa təklif edirəm ki, diaqnostik qiymətləndirmə və yüksək nəticə göstərən müəllimlərin maaşları digərlərindən fərqləndirilməlidir. Bir sıra ölkələrdə südlə benzinin qiyməti eynidir. Bizdə benzin 90 qəpik, süd 1 manat 50 qəpikdir. Süd uşaqların inkişafı üçün önəmlidir, bir sıra ölkələrdə bununla bağlı məktəblərdə aksiyalar keçirilir”.
***
Yerli və yüngül sənayeni inkişaf etdirməyə xüsusi diqqət etməliyik ki, bu da bir sıra sosial problemlərin həllinə imkan veriləcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Musa Qasımlı hökümətin 2017-ci il hesabatına təkliflər səsləndirərkən deyib.
Hesabatı yüksək qiymətləndirdiyini deyən millət vəkili bir sıra təkliflər də səsləndirib: “Hesab edirəm ki, ölkəmizdə istehsal edilən məhsulların eynisi xaricdən gətirilərkən onların üzərinə yüksək rüsüm qoyulmalıdır. Bununla da daxili istehlakçımızı, istehsalımızı qorumalıyıq. Bu həm də ərzaq təhlükəsizliyi məsələsinə xidmət edəcək”.
Millət vəkili maliyyə nəzarətinin gücləndirilməsinin vacib olduğunu da deyib: “Hesab edirəm ki, İqtidsadiyyat Nazirliyi Mədəniyyət və Turizm Naziriliyi ilə birlikdə hesabat hazırlamalıdır. Bu zaman ölkədən xaricə gedənlərin sayı və ölkədən xaricə maliyyə axını müəyyən edilməlidir. Düzdür, bu axının qarşısını süni yollarla ala bilmərik. Lakin ölkədə turizm mərkəzlərinin sayı artırılmaqla əhalinin ölkə daxilində istirahət imkanlarını artıra bilərik”.
***
Müəllim və tibb işçilərinin maaşları orta aylıq əmək haqqına çatdırılmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı səsləndirib.
Millət vəkili tibb sahəsində əldə edilən uğurlardan da danışıb. O, şəkərli diabet xəstələrinin müalicəsi və dərmanla təminatı üçün ayrılan vəsaitin artırılmasını təklif edib:
“Bu gün ölkəmizdə 240 minə qədər şəkərli diabet xəstəsi var. Hazırda dünyada onkoloji və ürək xəstəliklərindən sonra ölüm halları ən çox bu xəstəlikdən qeydə alınır. Lakin son illərdə şəkərli diabet xəsətləri üçün ayrılan vəsaitin həcmi 36 milyon olaraq qalır. Baxmayaraq ki, xəstələrin sayı artmaqdadır. Bu insanların dərman təminatı dövlət hesabına təmin edilir. Dünyada modern insulindən istifadə edilir, hazırda bizim istifadə etdiyimiz insulindən imtina edilib. Biz də modern insulinlən yalnız uşaqlar və xüsusi ağır xəstələr istifadə edir. Bütün şəkərli diabet xəstələrinin modern insulinlə təminatı arzuolunan haldır”.
***
İstifadəsiz qalan yeni tikililərin sahibləri ya vergi ödənilməli, ya da həmin mənzillərin satış qiymətlərini endirilməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Tahir Rzayev Milli Məclisdə hökumətin 2017-ci il üçün hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu gün paytaxtda istifadəsiz qalan mənzillərin sayı kifayət qədərdir: "Gənclərin isə mənzil ehtiyacı qalıb. Bu gün tikintisi başa çatan xeyli bina istifadəsiz qalıb. Çünki MTK-lar tərəfindən elə qiymətlər qoyulub ki, satılmır. Bu mənzillərin boş qalması dövlət üçün də sərfəli deyil. Təklif edirəm ki, ya bu mənzillərin əmlak vergisi MTK-lar tərəfindən dövlətə ödənilsin, ya da satış qiyməti aşağı salınsın ki, insanlar onu ala bilsin”.
***
Şəkinin mərkəzində 200 mənzilə illərdir təbii qaz verilmir. Bu məsələ prezident seçkiləri ərəfəsində süni narazılıq yaradır.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Yaqub Mahmudov Milli Məclisdə Hökumətin 2017-ci il üçün hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu şəhərin 441 nəfər sakininə torpaq sahəsi ayrılıb, onlar həmin sahədə ev tikiblər. Lakin 200 mənzildə yaşayış olsa da, onlar illərdir qazla təmin edilməyiblər:
“Necə olur ki, illərdir şəhərin bir hissəsində süni narazılıq yaradılır. Biz Prezident seçkiləri ərəfəsindəyik, Baş nazirə müraciət edərək, bu süni narazılığı aradan qaldırmaqda bizə dəstək verməyini xahiş edirəm. Diqqətə çatdırmaq istədiyim ikinci məsələ hava limanı ilə bağlıdır. 100 min nəfər əhalisi olan Şəkidə nə üçün təyyarə meydançası olmasın? Bu məsələyə dövlət maraqları çərçivəsində baxılmasını istərdik. Şəkinin tarixi və ölkə üçün əhəmiyyətini nəzərə alaraq, belə bir şəhərdə hava limanının olmamasını doğru saymıram”.
***
Son 200 il ərzində başımıza gətirilən müsibətlərə həsr olunmuş abidə hazırlanmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu abidə Azərbaycanda soyqırımın 100 illiyi ərəfəsində hazır olmalıdır: “Düşmən ölkə -Ermənistan belə bir abidə kompleksi yaradıb, saxtakarlıqla məşğuldur”.
Millət vəkili Ağsuda təhsil sahəsində müşahidə olunan problemlərdən də danışıb: “Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli internat məktəbindəki vəziyyət təhsil almağı mümkünsüz edir.
Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyini dəfələrlə müzakirə etmişik, ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm.
Təhsil Nazirliyinə müraciət edərək məktəblərdə daha çox kişi müəllimlərin işləməkdə maraqlı olması üçün stimullaşdırıcı tədbirlər görməyin vacibliyini xatırlatmaq istəyirəm”.
***
Bu gün insanları ən çox narahat edən məsələlərdən biri də dollarla verilən kreditlərlərdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Elman Nəsirov Milli Məclisdə hökumətin 2017-ci il üçün hesabatına münasibət bildirərkən deyib.
Millət vəkili bu mövzuda çoxsaylı müraciətlərin olduğunu deyib: “İnsanlar soruşur ki, bu problem nə zaman həllini tapacaq. Onlar deyirlər ki, bizim valyutamız manatdır, bizə vəsaiti dollarla verməklə bu valyutanın qiymətində baş vermiş dəyişiklik nəticəsində nə üçün ağır yükün altına düşməliyik?
Bundna başqa bizə daxil olan məktublarda neftçilər adlarının sosial evlər alanlar kateqoriyasına daxil edilmələrini xahiş edirlər. Azərbaycanın bugünkü inkişafında neftçilərimizin rolu böyükdür. Əldə etdiyimiz iqtisadi uğurlarda Azərbaycan nefti və neftçilərinin çox müstəsna rolu var. Bu nöqteyi-nəzərdən baş nazirin burada olmasından istifadə edərək, neftçilərin də sosial evlər alanlar kateqoriyasına salınmasını rica edirəm”.
Spiker Oqtay Əsədov millət vəkilinin dollarla kredit götürənlər barədə fikirlərinə münasibət bildirib: "Dollarla bağlı kreditlərdən çox danışırıq. Bu problemin həlli üçün işlər görülür. Krediti dollarla veriblər demək düz çıxmır. Krediti dollarla almışıq deməliyik”.
***
Milli Məclisdə Azərbaycan hökumətinin 2017-ci il üçün hesabatı qəbul edilib.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov hesabatla bağlı 30-a yaxın millət vəkilinin çıxış etdiyini, müsbət fikirlər və təkliflər səsləndirildiyini bildirib:
“Çıxış edən hər bir həmkarımız hesabatın müsbət qiymətləndirilməsini təklif etdi”.
Sora hsabat səsə qoyularaq qəbul edildi.
Milli Məclisdə Azərbaycan hökumətinin 2017-ci il üçün hesabatı qəbul edilib.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov hesabatla bağlı 30-a yaxın millət vəkilinin çıxış etdiyini, müsbət fikirlər və təkliflər səsləndirildiyini bildirib:
Çıxış edən hər bir həmkarımız hesabatın müsbət qiymətləndirilməsini təklif etdi”.
Sonra hesabat səsə qoyularaq qəbul edildi.