ATƏT-in Daimi Şurasının bu gün keçirilən növbəti iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat səsləndirilib.
Xarici İşlər Nazirliyindən (XİN) Teleqraf.com-a verilən məlumata görə, bəyanatda prezident seçkilərinin azad, demokratik, ədalətli və şəffaf şəraitdə 74.3 faiz kimi yüksək seçici fəallığı ilə keçirildiyi vurğulanmış və bunun seçicilərin seçki prosesinə etimadının göstəricisi olduğu qeyd edilmişdir.
Seçkinin nəticəsində Prezident İlham Əliyevin 86.02 faizlik yüksək göstərici ilə seçicilərin etimadını qazandığı, bunun ölkə Prezidenti tərəfindən həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara geniş ictimai dəstəyin bariz göstəricisi olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, rəsmi nəticələr seçkidən öncə və seçki günü yerli və beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları və exit-polların nəticələri ilə üst-üstə düşür. Bu bir baha göstərir ki, seçkilərin nəticələri Azərbaycan xalqının irədəsini və fikirlərini əks etdirmişdir.
Bəyanatda prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işlərinin yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirildiyi, bütün fundamental hüquq və azadlıqlar, o cümlədən sərbəst toplaşma və söz azadlıqlarının təmin edildiyi, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılmışdır. Seçki öncəsi və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirildiyi qeyd edilmiş, seçkilərin 60 minlik yerli müşahidəçi ordusu, o cümlədən QHTtərəfindən irəli sürülmüş 4041 müşahidəçi ilə yanaşı, 59 ölkə və 61 beynəlxalq təşkilatı təmsil edən 894 beynəlxalq müşahidəçi tərəfindən müşahidəsi üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılmışdır. Həmçinin, 1000 seçki məntəqəsində quraşdırılmış kameralar vasitəsilə onlayn müşahidə üçün şərait yaradıldığı qeyd edilmişdir.
Seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş və səsvermə mühüm nailiyyət kimi dəyərləndirilib. Vurğulanıb ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.
Aidiyyəti dövlət qurumları tərəfindən atılmış addımların nəticəsi olaraq, keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş və səsvermə mühüm nailiyyət kimi dəyərləndirilmişdir. Vurğulanmışdır ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.
Buna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqlar Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA nümayəndələrindən ibarət müşahidə missiyasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsi və subyektiv iddialar və qərəzli siyasi yanaşma əsasında hazırlanmış ilkin hesabatla çıxış etməsinin dərin təssüf doğurduğu vurğulanmışdır.
Azərbaycan Daimi Nümayəndəliyi tərəfindən bildirilmişdir ki, seçki müşahidə missiyasının hesabatında çoxsaylı bir-birinə zidd olan məqamların və əsassız iddiaların əks olunması, bütövlükdə missiyanın bitərfliyini, obyektivliyini və peşəkarlığını ciddi sual altına qoyur. Fərdi qanun pozuntularının ümumiləşdirilərək, bütünlükdə seçki prosesinə şamil edilməsi missiya tərəfindən öz mandatının aşılması kimi qiymətləndirilir. Azərbaycan tərəfi seçki müşahidə missiyasının ilkin qiymətləndirməsini ədalətli və obyektiv hesab etmir və onu bütünlüklə rədd edir.
İclasda ABŞ, Avropa İttifaqı nümayəndə heyəti, Qazaxıstan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan nümayəndələri çıxış edərək seçkilərlə bağlı fikirlərini bölüşmüş və təmsil etdikləri ölkələrin Azərbaycanın yeni seçilmiş Prezidenti və Azərbaycan xalqı ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu təsdiq etmişlər.
ATƏT Parlament Assambleyasının nümayəndəsi öz növbəsində Azərbaycanın ATƏT PA üçün əhəmiyyətli ölkə olduğunu və onunla əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini vurğulamışdır. Seçkilərin müşahidəsi ilə bağlı Azərbaycan tərəfi ilə faydalı əməkdaşlıq etdiklərini qeyd edərək, qurumun sözügedən istiqamətdə Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətini bəyan etmişdir.
Avropa İttifaqı adından səsləndirilən bəyanatda DTİHB-nin hesabatına istinadən irəli sürülən bəzi iradlarla bağlı Azərbaycan Daimi nümayəndəliyi tərəfindən qeyd edilmişdir ki, Azərbaycan tərəfi Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən verilən bəyanatlarla bu qurumun ATƏT yanında nümayəndəliyinin bəyanatı arasında fərqliliklərin olmasını ölkəmizə qarşı nümayiş etdirilən ikili standart siyasətinin nümunəsi kimi qoymətləndirir və bu cür yanaşmanı qətiyyətlə rədd edir. Azərbaycanın nailiyyətlərinin Aİ-nin Vyanadakı nümayəndəliyi tərəfindən diqqətdən yayınması və yalnız mənfi gündəlik üzərində diqqətin cəmlənməsi qəbuledilməzdir.
Daimi nümayəndəlik vurğulamışdır ki, Azərbaycan tərəfi maraqlı tərəflər bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıqdır və tərəfdaşlarından analoji yanaşma nümayiş etdiriləcəyini gözləyir.